27 Oktyabr 2015 14:29
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Parkour” klubunun rəhbəri: “Bu idman növünə məsuliyyətlə yanaşanda heç bir problemlə qarşılaşmırsan”

Onları qarşılarına çıxan heç bir maneə qorxutmur. İstənilən maneəni sürətlə keçirlər. Amma bunu sadə üsulla yox, özlərinə məxsus şəkildə edirlər.

Bu hərəkətlər bəlkə kənardan kimlərəsə asan görünər, halbuki risk bu işlə məşğul olanların ən yaxın dostudur.

Söhbət şəhərin küçələrində hündür divarlardan tullanan, akrobatik hərəkət edən, parkurla məşğul olan treyserlərdən gedir.

3000-dən çox gənc

Parkur fransız dilindən tərcümədə “maneələr zolağı”, “əngəllər sistemi” deməkdir.
“Parkour” klubunun rəhbəri “Mikrob” ləqəbli Hafiz Qardaşbəyli deyir ki, artıq 10 ildir bu işlə məşğuldur və qarşısına çıxan maneələri özünəməxsus şəkildə keçir: “Bu ekstremal idman növünə mənim uşaqlıqdan həvəsim vardı. Onunla məşğul olduğumu öyrənəndə valideynlərim mənə qadağalar qoydular. Amma insan bir şeydən ötrü qarşısına məqsəd qoyursa, buna nail olur. Mən də geri çəkilmədim, qohumlarım mənə kömək durdu və istəyimə uyğun parkurla məşğul oldum.

Parkurun sirlərini öyrəndikdən sonra 2006-ci il Azərbaycanda ilk dəfə olaraq “Parkour” klubu yaratdıq. Klub 2014-cü ildə dövlət qeydiyyatından keçdi.

Klubumuzda 3000-dən çox gənc və yeniyetmə məşq edir. Onlara bu idmanı, eləcə də spesifik həyat tərzini öyrədirik.

Onu da deyim ki, bu, təhlükəli idman növüdür, hər addımında risk var. Nə qədər riskli olsa da, məsuliyyətlə yanaşanda heç bir problemlə qarşılaşmırsan. Barmaqarası yanaşsan, laqeyd olsan, səhv buraxsan zədə alacaqsan, hətta sınıqlar da ola bilər. Parkurda edəcəyin hərəkəti dəqiqliklə yerinə yetirmək lazımdır. Ayağını atacağın nöqtədə kiçik fərqlə sapıntıya yol versən, artıq ya sınıq baş verəcək, ya da əzik".

Niyə “Mikrob”?

Ləqəbinin mənasını isə gülə-gülə belə izah edir: “Azərbaycanın müxtəlif rayonlarında tələbələrimiz var. Yəni parkurçular hər yana yayılıb deyə özümə ”Mikrob" ləqəbini götürmüşəm".

Gənclərin ekstremal idman növünə maraq göstərdiyini vurğulayan Hafiz Qardaşbəyli deyir ki, bu idmanla məşğul olan insanların əsas hədəfi şəhərin müxtəlif nöqtələrinə hamıdan tez çatmağı öyrənməkdir: “Parkur düşünüldüyü kimi, sadəcə maneələri dəf etmək deyil, bütöv bir bədənə hakim olmaqdan ibarətdir. Bizim üçün reaksiya sürəti olduqca vacibdir. Çünki şəraiti və öz imkanlarını düzgün qiymətləndirməyi bacarırsan.

Treyser fəlsəfəsi böyük şəhərin həyat ocağına əsaslanır. Hər adam tullana bilər, amma treyser ola bilməz. Parkur həyatina aid idman növü var, “free running” (“azad qaçış”) adlanır. Onun öz baza elementi var ki, həmin elementlərlə treyser bir göz qirpımında hündür mərtəbəli binanın üstünə çıxa, böyük maneələri aşa və tullana bilər. Yəni treyser hər hərəkətini 2 addım öncədən bilməlidir".


Effektivlik, sadəlik və təhlükəsizlik...

5 ildir parkurla məşğul olan Mahir Mehdizadənin sözlərinə görə, parkur zaman ruhu və bədəni azadlığa qovuşur: “Mənim üçün bu idman hərəkətlərin incəsənətidir. Parkur barədə ilk dəfə bir filmdə məlumat almışam. Filmə baxıb həvəsləndim və öyrənməyə başladım. Valideynlərim ilk vaxtlar etiraz edirdilər. Gördülər ki, əl çəkmirəm daha heç nə demədilər. Məndə belə bir təsəvvür var ki, parkur həmişə həyatımda olub. Əvvəllər həvəskar şəkildə tək məşğul olurdum. Daha sonra Hafizlə birlikdə məşq etdim və indi köməkçi məşqçiyəm”.

Parkur 3 aksioma üzərində qurulub: Effektivlik, sadəlik və təhlükəsizlik.
Hafiz Qardaşbəyli deyir ki, təhlükəsizlik və sadəlik özümüzdən asılıdır. Effekt isə hansı ərazidə məşq etməklə bağlıdır: “Parkur artıq ekstremal idman növü siyahısına daxil edilib. Məşq zaman insan özünə daha çox inanır. Yıxılsa da sınıq ehtimalı yoxdur. Ustalığa çatmaq üçün bacardıqca çox məşq etmək lazımdır”.

Bu ekstremal idman növünü öyrənmək üçün aylıq ödəniş 15 yaşa qədər uşaqlara 20 manat, 15-dən yuxarılara 25 manatdır. Gündəlik məşq edənlərsə 3 manat ödəməlidırlər.

“Parkur həyatı riskə atmaq üçün deyil”

Mahir Mehdizadənin gənclərə məsləhət var. Deyir, gərək özbaşına heç yerə tullanmasınlar: “Çünki heç nədən zədə ala bilərlər. Müəllimlərin köməyi ilə öyrənmək lazımdır. Təkbaşına, məşqçisiz sadə bir hərəkət belə onlarda problem yaradacaq. Bölgələrdən parkur öyrənmək istəyən tələbələrimizə isə a onlayn dərsliklərlə kömək edirik”.

Parkurla məşğul olan Mirəli Miriyev deyir ki, məşq zaman zədələnmə baş versə belə, qorxub çəkinməyə dəyməz. İnsan bilmədiklərini məhz bu cür öyrənir: “Bu idmanla məşğuliyyət məndə də rahatlıq yaradır. Küçədə özbaşına parkur məşqi zədə ehtimalını artırır. Məşqçi yanında isə heç nə qorxulu deyil.

Mən özüm bir neçə dəfə zədə almışam, sınıq olmasa da, iki dəfə qolum çıxıb. Hər şey insanın özündən asılıdır. Onu da deyim ki, parkur həyatı riskə atmaq üçün deyil, sadəcə hərəkətləri düzgün nizamlamağı öyrənməlisən".

Qeyd edək ki, “Parkour” klubunun bəzi üzvləri Rusiyanın, Gürcüstanın parkur akademiyalarında məşqdə olublar.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər