Bu gün (Oktyabrın 27-də) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Fransanın Strasburq Universiteti arasında hər iki ölkənin təhsil sistemində mühüm hadisəyə səbəb olacaq Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasına dair geniş müzakirələr aparılıb.
Görüşdə Fransanı Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə ali təhsil müəssisələrindən ibarət nümayəndə heyəti, Azərbaycanı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı başda olmaqla, professor müəllim heyəti, eləcə də digər ali təhsil müəssisələrinin, Təhsil Nazirliyinin və digər strukturların əməkdaşları təmsil edib.
ADNSU Mətbuat xidmətindən verilən məlumata görə, universitetin rektoru Mustafa Babanlı, eləcə də digər iştirakçılar Azərbycan Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasının böyük əhəmiyyətini qeyd edərək, layihə ətrafında fikir və təkliflərini irəli sürüblər. Müzakirələr zamanı bildirilib ki, Azərbaycan-Fransa Universitetinin yaradılması ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın inkişafı missiyasını daşıyır.
UFAZ Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasında yerləşəcək. Layihəyə əsasən burada digər fransız Universitetlərinin iştirakı da nəzərdə tutulur. Strasburq Universiteti əhatə olunan sahələrin çərçivəsini genişləndirmə və layihə üçün insan resurslarının toplanması məqsədilə digər fransız ali təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə malik olacaq. Tədris ilkin mərhələdə tam ingilis dilində aparılacaq. Tələbələrin fransız dili səviyyəsi nəzərə alınmaqla qısa müddətdə bəzi ixtisaslarda dərslərin fransız dilində aparılacağı nəzərdə tutulur. İlkin mərhələdə bakalavr təhsil səviyyəsi hazırlığı müəyyən olunur. Gələcəkdə isə magistr hazırlığı da aparıla bilər. Təhsilin müddəti təhsil proqramına əsasən 1+2+1 və ya 1+2,5, + 0,5 prinsipləri və buraxılış işinin tərəfdaş universitetə yazılması əsasında qurulur. Məzunların dual (paralel) diplomlarla təmin olunması nəzərdə tutulur. Universitet 2016-2017-ci il tədris ilindən 100 tələbə ilə fəaliyyətə başlayacaq. Tələbələrin Universitetə ölkədaxili və regional sosial-iqtisadi tələbləri nəzərə alınmaqla 4 ixtisas üzrə - Geologiya və geofizika mühəndisliyi, Neft və qaz mühəndisliyi, Kimya mühəndisliyi texnoloji maşın və avadanlıqlar mühəndisliyi və eləcə də gələcəkdə İnşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil edilməsi nəzərdə tutulur. Hər bir ixtisas üzrə 20 tələbənin qəbulu planlaşdırılır.
Birinci ildə UFAZ-a qəbul Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qəbul planına salınaraq tədricən beynəlxalq təcrübəyə uyğun şəkildə ali məktəbin müvafiq komitəsi tərəfindən aparılacaq.
UFAZ-ın kadr hazırlığına yönələn ixtisasların tədrisi üçün Azərbaycan və Fransız şirkətlərindən dəstək alınır.
SEVİL