Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi öz işinə başlayıb.
ADİU-dan Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə rektor Ədalət Muradov qloballaşan dünyamızda baş verən proseslər kontekstində türk dünyası alimlərinin bir araya gələrək elmi problemlər üzərində fikir mübadiləsi etməsinin mühüm əhəmiyyəti olduğunu vurğulayıb. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun çıxışında Azərbaycan -Türkiyə münasibətlərinə diqqət çəkərək, bildirib ki, Azərbaycanın on minə yaxın tələbəsi Türkiyədə ali təhsil alır. Azərbaycanda isə minlərlə Türkiyə vətəndaşı təhsil alır. Türkiyənin 2600-ə qədər şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Bir sözlə, hələ müstəqilliyinin 30-cu ilini qeyd etməyən Azərbaycan yaxın zamanlarda Türkiyəyə ən çox investisiya yatıran ölkə olmağa namizəddir.
Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazgan Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.
Təhsil üzrə ekspert, professor, əməkdar elm xadimi Şahlar Əsgərov “İnkişafın zəruri və kafi şərti: İnkişaf etməkdə olan ölkələr” mövzusunda məruzə ilə çıxış edib.
XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-ə yaxın elm adamı, həmçinin 10-a yaxın xarici universitet rektoru iştirak edir. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi baş tutacaq. XIII Türk Dünyası İctimai Elmlər Konqresi oktyabrın 30-da başa çatacaq.
SEVİL