29 Oktyabr 2015 11:57
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan türkcəsinə 2500 yeni termin daxil olub

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Azərbaycan dilinə rəsmən 2500 yeni terminin daxil edildiyi haqda məlumat verib. Həmin terminlər yeni hazırlanan və artıq çap ərəfəsində olan izahlı dilçilik lüğətinə salınıb.

Mütəxəssisin sözlərinə görə, lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin öz imkanları hesabına yaranıb. Terminlər informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələrini əhatə edir. Yeni terminlər sırasında informatika sahəsi üzrə sözlər daha çoxdur.

Təqdim edilən siyahıda elə terminlər var ki, dilinizdə neçə illərdir işlənir. Məsələn, mühasibatlıq sistemində işlədilən “debitor”, debitor borc" sözləri, qida sahəsində “cips”, radio proqramı aparıcısı “dicey”, xüsusi su vannası - “çakuzi” kimi sözləri misal gətirmək olar.

Sayalı Sadıqova bizimlə söhbətdə bildirdi ki, yeni terminlər dilimizdə məhdud sahələr üzrə işlək vəziyyətdə olsa da, indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib: “Müxtəlif sahələrdə məhdud şəkildə işlədilən terminlər geniş tətbiq olunduğu üçün r yeni terminlər siyahısına əlavə olunub. 3-5 il ərzində 2500 yeni termin yaradıla bilməz. Biz 30 il ərzində oturuşmuş sözlərin rəsmi tətbiqi üçün dilimizə daxil etmişik”.

Sayalı Sadıqovanın sözlərinə görə, yeni terminlərin daha sıx işlədilməsi üçün müxtəlif elm sahələrini əhatə edən 16 bölmə var ki, təzə i terminlər həmin şöbələrə göndərilir: “O şöbələr isə bu terminləri öz sahələrinin mütəxəssislərinə çatdırırlar.

Biz də terminoloji lüğətlərin dərcinə cavabdehik. Hər təzə termin və onun qarşılığı, eyni zamanda tarixən işlənmiş terminlər toplanıb sahələr üzrə lüğətlərə əlavə edilir. 2000-ci ildən bu yana 98 lüğət nəşr olunub və hər biri müxtəlif ixtisasçıların istifadəsinə verilib. Hər bir terminin həm izahı, həm də 4 dildə - azərbaycanca, ingiliscə, rusca, türkcə qarşılığı verilir.

Məsələn, Aviasiya Akademiyası yeni yaradılıb, aviasiya ilə bağlı ikicildlik lüğət buraxılıb, hərəsi 25 müəllif vərəqi həcmindədir. Fövqəladə Hallar Akademiyası da yeni yaradılıb. Bu akademiyadan bizə müraciət edirlər ki, çətinliyimiz var. Hansı terminləri tapa bilmirlər, onlara kömək edirik. Bu ilin sonuna kimi, fövqəladə hallar üzrə yeni terminlər lüğəti çap olunacaq. Həmin lüğətlər birbaşa mütəxəssislərin istifadəsinə verilir.

Kompüter texnologiyası ilə bağlı bizə bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müraciət etdi. Nazirliyin birbaşa sponsorluğu və öz mütəxəssislərinin iştirakı ilə izahlı kompüter terminləri lüğəti 500 səhifə həcmində nəşr olundu və ixtisaslı kadrların istifadəsinə verildi".

Söz yaradıcılığı ilə bağlı vaxtilə söz adamları - yazıçı və şairlər, ədəbiyyatşünaslar, ədəbi tənqidçilər dilimizə yeni sözlər gətirirdilər. Hazırda isə bu tendensiya zəifləyib. Söz yaradıcılığına aid olan yeni sözlər də terminlər siyahısına daxil edilirmi?

Sədr müavini dedi ki, əvvəllər ədəbiyyat sahəsində tanınmışların - Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza kimi yazıçı və şairlərin əsərləri tədqiq edilirdi, indi də yeni yazarların leksikonu araşdırılır: “Bu gün mətbuatda, sosial şəbəkələrdə işlədilən ”komment" sözü “şərh”, “layk” sözü “bəyənmə” kimi işlədilir. Termin yaradıcılığı prosesi normal şəkildə gedir və saytlara da, mətbuata da verilir ki, bu söz artıq “şərh”, “bəyənmə” kimi yazılıb deyilməlidir.

Yazıçıların bədii yaradıcılıq dilini Azərbaycan dili bölməsi tədqiq edir. Məmməd Araz yaradıcılığı ilə bağlı bu günlərdə bir siyahı verilmişdi ki, bu sözləri ilk dəfə o, işlədib. Yeni sözlərin dərhal ümumişlək formaya düşəni də var, müəyyən müddət sonra işlək olanı da. Məsələn, Rəsul Rza bir əsərində ilk dəfə “işıqfor” sözünü işlətmişdi, hətta o dövrdə bu söz tənqid də edilmişdi. Amma özünün sağlığında deyil, bu gün işlək vəziyyətdədir.

Eləcə də “tıxac”, “çimərlik” sözləri də birdən-birə yaranmadı ki, müəyyən zaman keçəndən sonra dilimizdə oturuşdu, status qazandı".

Ədəbiyyatşünas Cavanşir Yusiflinin fikrincə, dildə söz yaradıcılığı qaçılmazdır, insan hər gün gördüyü şeyləri yeni şəkildə ifadə etmək istəyir, bəzən də köhnə anlamların üstündə israr edir, yəni dilin və onu danışan adamın psixologiyası bu məqamlarda bizim bəzən anlamadığımız hadisələri meydana gətirir: “Xüsusən, indiki çağda dilə yeni sözlərin daxil olması, bu söz və ifadələrin ictimai həyatın bütün sahələrini əhatə etməsi göz qabağındadır. Siyasi terminologiya dəyişir, iqtisadiyyat sahəsində, digər sahələrdə anlayışları ifadə etmək lüzumu yaranır. Elə sahə var ki (məsələn, ədəbiyyatşünaslıq), öz terminləri çox azdı, özünü ifadə etmək üçün digər sahələrin terminlərinə müraciət edir. Bu, təsadüfi deyil, məncə. Sənət sahələri arasında daxili-dəruni əlaqələrin ifadəsidir”.

Cavanşir Yusifli hesab edir ki, sözü yaratmaq və işlətmək, dövriyyəyə daxil etmək ayrı-ayrı nüanslardır: “Hələ sovet dövründə bu proses gedirdi. O zaman yaradılan sözlərin heç də hamısı qalmadı, yəni canlı şəkildə işlənmədi. Bəzən dilin daxili qanunauyğunluqları nəzərə alınmır, dilin necə nəfəs alması, ürək döyüntülərinin necə olması yeni yaradılan sözlərdə onuncu dərəcəli bir fakt olur. Dilimizə ərəb, fars və Avropa dillərindən keçən sözləri yenisi ilə əvəzləmək mümkündü, ancaq nə olsun? Bu sözlər nəfəs alacaqmı?”

Tənqidçi hesab edir ki, söz dildə düzgün nəfəs almalıdır, dilin həyatının ayrılmaz tərkib hissəsi olmalıdır.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər