İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən üçüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Təşkilatın Baş Katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, Səlim Müslümov son 12 ildə ölkəmizdə dünyada rekord səviyyədə, yəni 3,4 dəfə iqtisadi artıma nail olunduğunu, uğurlu iqtisadi şaxələndirmə siyasəti sayəsində qeyri-neft sektorunun genişlənərək ümumi daxili məhsulda onun payınınn 70 faizə çatdığını bildirib:
“Bu dövrdə respublikada 1,4 milyondan çox yeni iş yerinin yaradılması əmək bazarında sabitliyə şərait yaratmaqla, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. Sosial rifah halının yüksəldilməsi yönündə aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı səviyəyə - 5 faizə enib”.
Səlim Müslümov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini və bu sahədə səylərini daim gücləndirdiyini vurğulayıb: “Qürurverici haldır ki, İslam Əməkdaşlıq Təşkilatı bu gün qlobal problemlərin həllində, dünyada ədalətin bərqərar olmasında öz fəallığı ilə seçilir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təşkilatın daim birmənalı və qətiyyətli, ədalətli mövqe tutması da bunun bir nümunəsidir və biz bunu yüksək dəyərləndiririk”.
Nazir Təşkilata üzv ölkələr arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın genişlənməkdə olduğunu qeyd edib: “Prezident cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Təşkilatın Bakı şəhərində Əmək Mərkəzinin yaradılması bu sahədə mühüm addımların atılmasına, əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verəcək. Son iki gün ərzində bu mərkəzin yaradılması ilə bağlı təsis sənədləri, Mərkəzin Nizamnamə layihəsinin bütün maddələri İslam Əməkdaşlıq Təşkilatı əmək nazirləri konfransının iştirakçıları tərəfindən geniş müzakirə olundu və bu sənədlər tam yekdilliklə dəstəkləndi”. S.Müslümov əmək nazirlərinin müntəzəm görüşlərinin ümumən təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafına xidmət etdiyini bildirib, belə mötəbər tədbirlərin təşkilinə görə İƏT Katibliyinə minnətdarlığını ifadə edib.
İyad bin Amin Mədəni İƏT-in fəal üzvlərindən olan Azərbaycanın dinamik sosial-iqtisadi inkişafından məmnun olduğunu qeyd edib, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndiyini, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının üzvləri sırasında daim layiqli və işgüzar mövqeyi ilə seçildiyini razılıq hissi ilə vurğulayıb. Baş katib İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təşəbbüsünün uğurla gerçəkləşməsi üçün Təşkilatın Katibliyi tərəfindən müvafiq səylərin göstərildiyini vurğulayıb: “Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatının ölkələrinin xarici işlər nazirlərinin növbəti iclasında Bakı şəhərində Əmək Mərkəzinin yaradılması barədə yekun qərar qəbul olunacaq”.
Görüşdə əməkdaşlığın inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA