3 Noyabr 2015 18:07
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bilik və bacarıqlarının qiymətləndirilməsi üzrə imtahanlarda iştirak edən müəllimlərin imtahandan xaric və nəticələrin ləğv edilə bilməsi halları açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Müəllimlərin bilik və bacarıqlarının imtahanlarında iştirakçıların davranış qaydaları”na əsasən, müəllimlər imtahana gələrkən özləri ilə qələm və şəxsiyyət vəsiqələrini gətirməli, imtahan nəzarətçilərinin təlimatına uyğun olaraq imtahan keçirilən binaya daxil olmalıdırlar. Nazilrikdən bildirilib ki, nəzarətçilər təlimat verərkən müəllimlər imtahan keçirilən zallarda sakitliyi tam təmin etməli, bir-birilərinin təlimatı dinləmələrinə mane olmamalıdırlar.

Qaydalara görə, müəllimlər imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar. İmtahanda iştirakçıların onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməsi, pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatları imtahanlara gətirməsi və ya istifadə edilməsi qadağandır. İmtahanda mobil telefonlar söndürülməlidir.

Nazirlikdən o da bildirilib ki, bu qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaq.

Xatırladaq ki, noyabrın 28-29-da Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 4-6-da Masallı və Cəlilabad rayonundan olan müəllimlər Masallı Olimpiya İdman Kompleksində, dekabrın 9-12-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində, dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər


Müəllif: