4 Noyabr 2015 11:41
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 30 vəzifə üzrə müsabiqə elan edib

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir.

Noyabrın 3-dən 3 dövlət orqanında inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 19 vakant vəzifənin tutulması üçün müsabiqə elan olunub.

Komissiyadan aldığımız məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində 1, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 9, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində 9 vakansiya yeri elan olunub.

Dövlət Fitosanitar Nəzarəti Xidmətində İnformasiya resursları və ictimaiyyətlə əlaqələr sektoruna mətbuat katibi, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Qanunvericilik və hüquq ekspertizası şöbəsinə, Dövlət Akkreditasiya Xidmətinə və həmin xidmətin Sertifikatlaşdırma üzrə orqanların akkreditasiyası sektorunun hər birinə bir aparıcı məsləhətçi, Dövlət Akkreditasiya Xidməti, Laboratoriyaların akkreditasiyası sektoru, Dövlət Metrologiya Xidməti, Etalon planlaşdırılması və inkişaf sektoru, Dövlət Metrologiya Xidməti, Qüvvə və təzyiq dövlət etalonları sektorunun hər birinə 1 böyük məsləhətçi, Dövlət Metrologiya Xidməti, Elektrik kəmiyyətlərinin dövlət etalonları sektoruna baş məsləhətçi, Dövlət Metrologiya Xidməti, Qanunverici metrologiya sektoruna isə məsləhətçiyə ehtiyac var.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində isə Alternativ və bərpa olunan enerji mənbələri və ətraf mühitin qiymətləndirilməsi, Enerji siyasəti, enerji effektivliyi və uçotu, İnnovasiyalar və informasiya texnologiyaları, İnvestisiyalar və layihələrin idarə olunması, İqtisadi təhlil şöbələrinin hər birinə bir məsləhətçi, İnnovasiyalar və informasiya texnologiyaları, İqtisadi təhlil şöbələrinin isə hər birinə bir aparıcı məsləhətçi vəzifələrinə müsabiqə elan edilib.

Bundan başqa Mədəniyyət və Turizm Nazirliyində bir vəzifə üzrə bir yer (məsləhətçi), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 9 vəzifə üzrə 9 yer (məsləhətçi və aparıcı məsləhətçilər), Bakı Hərbi Məhkəməsində isə bir vəzifə üzrə bir yer (hakim köməkçisi) üzrə ümumi müsahibə elan olunub.

Bu dövlət orqanlarında inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması nəzərdə tutulub.

“Dövlət qulluğu haqqında” Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15, qanunvericilik sahəsi üzrə 40, informasiya texnologiyaları sahəsi üzrə 15, məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə 30 test tapşırığından ibarət olacaq.

Tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

“Dövlət qulluğu haqqında” Qanuna əsasən, müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları “Azərbaycan vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı noyabrın 3-dən dekabrın 2-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan vətəndaşlar sənədlərini 2015-ci il noyabrın 3-dən 23-dək saat 18:00-a qədər Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın rəsmi internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.csc.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktivləşdirməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

İmtahanın kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın videotəqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) ətraflı tanış ola bilərlər.

Sevil


Müəllif: