4 Noyabr 2015 21:33
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın 70 illiyi ərəfəsində nəzdində yeni yaradılan Bakı Dövlət Universitetinin (BDU) Elm və Tədris Mərkəzinin açılışı olub.

BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin Elm və Tədris Mərkəzi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi Şurasının üzvləri, laboratoriya müdirləri və əməkdaşlarının iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən rektor Abel Məhərrəmov deyib ki, mərkəz BDU və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb. Rektor Abel Məhərrəmov bu elmi-pedaqoji əməkdaşlığın tarixi 2004-cü ildə biologiya fakültəsinin nəzdində yaradılmış “Torpaqşünaslıq” kafedrası ilə başlayır. Onu da bildirib ki, hazırda ekologiya və torpaqşünaslıq fakültəsində bir sıra ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında, o cümlədən birgə konfransların təşkilində əlaqələr uğurla davam etdirilir.

Yeni yaradılan Mərkəzin tədris prosesinin elmi-tədqiqatla əlaqləndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantların tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu söyləyib.

Sonra AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev və professor Paşa Zamanov çıxış edərək əməkdaşlığın bundan sonra daha səmərəli şəkildə davam edəcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçıları institutun elmi-tədqiqat laboratoriyaları, Torpaq muzeyi ilə yaxından tanış olublar.

SEVİL


Müəllif: