5 Noyabr 2015 13:30
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əksər ali təhsil müəssisələri əsasən universitet olaraq fəaliyyət göstərir. Sentyabrın 3-də indiyədək Azərbaycan Dövlət Neft Akademiyası adı altında fəaliyyət göstərən ali məktəbin adı dəyişdirilərək Azərbaycan Neft və Sənaye Universiteti oldu. Ötən ilin dekabrında isə Azərbaycan Turizm İnstitutu Azərbaycan Turizm və Menecment Universiteti adlandırıldı.

Hazırda Azərbaycanda 31 universitet, 12 akademiya, ixtisaslaşmış 5 ali məktəb, 3 institut və bir konservatoriya var.

"Təhsil haqqında" qanunda yazılır ki, təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun, fəaliyyəti, hüquq və vəzifələri isə müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.

Qanunda həmçinin göstərilir ki, ali təhsil müəssisəsinin tipləri və növləri universitetlər, akademiyalar, institutlar və sairdir.

İnstitut məhdud, universitet geniş profilli təhsil verir

Təhsil eksperti Əlövsət Sadıqlının sözlərinə görə, təhsil müəssisələri olaraq institutun əsas funksiyası təhsil verməkdirsə, universitetin funksiyasına həm də elm mərkəzi olaraq fəaliyyət göstərməsi daxildir: "Universitet həm təhsil verir, həm də o təhsilin inkişafını davam etdirir, yəni daha geniş profillidir. Hər universitetdə Elmi Şura təsis olunur və ali dərəcələrin verilməsi üzrə işləri yerinə yetirir".


Əlövsət Sadıqlı dedi ki, AMEA-nın nəzdində fəaliyyət göstərən institutlar isə yalnız elmi-tədqiqat müəssisəsidir: "Akademiya institutları tamam fərqlidir. Öz profili üzrə elmi-tədqiqatla məşğul olur. Tutalım, Fizika İnstitutu fizika, Dilçilik İnstitutu dilçiliyə dair problemləri öyrənir. Həmçinin akademiyanın nəzarətində bu institutların da elmi şuralarında müvafiq sahələr üzrə dissertasiya işləri müdafiə olunur".

"Universal" sözündən bəllidir ki...

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, universitet adından da bəlli olduğu kimi "universal" sözündəndir və çoxlu ixtisaslar verir, elmi işçi də, gələcək fəaliyyət göstərəcək dövlət məmuru da, pedaqoji kadrlar da hazırlaya bilir: "1919-cu ildə Bakı Dövlət Universiteti yaradılanda jurnalistika, filologiya və sair ixtisaslarla yanaşı iqtisadiyyat və tibb fakültəsi də fəaliyyət göstərirdi. Nədənsə sonradan bu ixtisaslar ləğv edildi. Xaricdə institutlar nazirliklər, yaxud hər hansı bir qurumun nəzdində olur və xidmət etdiyi sahə, obyekt nədirsə, onun araşdırmalarını aparır. Bizdə də Təhsil Nazirliyinin nəzdində Təhsil Problemləri İnstitutu var. Eləcə də bəzi nazirliklərin... Ali məktəb olaraq Müəllimlər İnstitutu ancaq müəllim hazırlayır".

Nizamnamədə fəaliyyət növü göstəriliməlidir

Əjdər Ağayev deyir ki, hər ali məktəbin nizamnaməsində fəaliyyət növü öz əksini tapmalıdır: "Hesab edirəm ki, hazırda Azərbaycanda akademiya adı ilə fəaliyyət göstərən ali məktəblər şərti adlardır. Neft Akademiyasından akademiya adı məhz bu səbəbdən götürüldü. Çünki "Təhsil haqqında" qanunda da göstərilir ki, akademiya fundamental və tətbiqi elmi tədqiqatlar aparan müəssisəsidir. Bu funksiyanı da Azərbaycanda Elmlər Akademiyası yerinə yetirir.

Ola bilər ki, Azərbaycanda akademiya adı ilə fəaliyyət göstərən elə ali məktəb var ki, elektronika, iqtisadiyyat və sair müxtəlif sahələr üzrə fundamental, nəzəri və müasir tədqiqatlar həyata keçirə bilir. Belə təhsil müəssisələri akademiya adını doğruldur. Əgər bu işləri yerinə yetirmirsə, bu adı simvolik olaraq daşıyır".

Təhsil müəssisəsinin akademiya adlanması paradoksdur

Təhsil eksperti Etibar Əliyev Neft Akademiyasının Neft və Sənaye Universiteti adlandırılmasını düzgün addım hesab edir: "Bədən Tərbiyəsi və İdman Akademiyası, ya Rəssamlıq Akademiyası nə deməkdir? Elmlər Akademiyasında bütün elmlər üzrə tədqiqatlar aparılır. Onda belə çıxır ki, Bədən Tərbiyəsi və İdman Akademiyasında da bədən tərbiyəsi və idman üzrə tədqiqat aparılır. Bu, paradoksdur.

İnstitut da tədqiqat xarakterlidir. ABŞ-ın Massaçusets Texnologiya İnstitutu dünya reytinqlərində öndədir. Büdcəsi Azərbaycanın büdcəsi qədərdir. İndi amerikalılar niyə onun adını akademiya eləmirlər?

Akademiya olsa, təhsilin səviyyəsi qalxacaq? Əlbəttə, yox. Mən Azərbaycanın bütün ali təhsil ocaqlarının universitet adlandırılmasının tərəfdarıyam, bunu doğru sayıram".

Rektor: "Adı mahiyyəti üzrə yönləndirilib"

Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qoyulmasını belə izah edib: "Adda "neft" sözünün olması labüddür. Neft Azərbaycanın brendidir və ölkəmizin sənayeləşməsi bu adla bağlıdır. Azərbaycanda sənaye deyiləndə neft hasilatının sənaye üsulu ilə çıxarılması nəzərdə tutulub.

1848-ci ildən bu yana Azərbaycan sənaye tutumlu texnologiyaların inkişaf nöqtəsidir. "Neft" sözündən sonra "sənaye" sözünün gəlməsi Azərbaycanın gələcəyi üçün innovativ tutumlu, yeni texnologiyalarla dolu sənaye müəssisələrində işləyəcək kadrların hazırlanması ilə bağlı universitetə qoyulan tələblərlə bağlıdır.

Universitet gələcəyin mütəxəssisini hazırlamalıdır. Bu həm bakalavr, həm magistr, həm də doktorantura səviyyəsində olmalıdır. Bu ali məktəbin potensialı çox böyükdür. Məhz ona görə də cənab Prezident bu ali məktəbin adını dəyişdirərək mahiyyətinin də bu yöndə formalaşmasını bizim qarşımıza tələb qoyub".

Ali məktəblər tədris universitetlərinə çevrilsin

Bu ilin fevralında Milli Məclisdə müzakirəyə çıxarılan "Elm haqqında" qanun layihəsində Azərbaycanda ali məktəblərin statusunun dəyişdirilməsi, tədris universitetlərinə tədqiqat statuslarının verilməsi də öz əksini tapıb.

Layihədə qeyd olunub ki, tədqiqat universitetinin əsas vəzifələri təhsil verənlərin və təhsil alanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst reallaşdırmaq, texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır.

Elmi təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.

Sevil Hilalqızı


Müəllif: