5 Noyabr 2015 17:15
2 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl ilahiyyatçı Hacı Şahinin adı ilə sosial şəbəkədə yayılan bir çağırış cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. Bu çağırışda kişilər sonuncu vaqona minməməyə dəvət olunur və buranın yalnız qadınların istifadəsində olması təklif edilirdi. Təklif əsasında “Ay kişi, sonuncu vaqona minmə” kampaniyası başlandı.

Daha sonra digər bir ilahiyyatçı hamilə qadınlara üçün də ayrıca vaqon ayrılması təklifini irəli sürdü. Bu üsulla qadınların ictimai nəqliyyatda rastlaşdığı bəzi problemlərin qarşısını almağın mümkün olacağı deyildi.

Bu təklif cəmiyyətdə gender bərabərliyinin pozulması kimi qiymətləndirilsə də, xüsusilə dindar kəsim təklifi müsbət qarşılayıb.

Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanov Teleqraf.com-a açıqlamasında təklifi dəstəklədiyini bildirib: “Ümumiyyətlə, nəinki metroda, qadınlar üçün ayrıca avtobuslar, ictimai məkanların olması yaxşı olardı. Çünki dinimizə əsasən, qadınların naməhrəm kişilərlə bir yerdə olması düzgün deyil. Qadınlarla kişilərin o yaxınlıqda olması dini cəhətdən bəyənilmir. Ona görə də, onların ayrı-ayrılıqda getməsi daha gözəl olar.

Ayrıca avtobus olmasa da, bəzi ölkələrdə marşrutlarda qadınlar üçün qabaq yerlərdə xüsusi yer ayrılır. Kişilər də arxada oturur. Yəni hər kəs öz yerini bilir. Məncə, Dubay metrolarında qadınlar üçün ayrıca vaqonlar var ki, ora kişilər girmir. Belə olanda qadınlar özünü rahat hiss edir.

Bu, ayrıseçkilik, qadınların haqqının tapdalanması deyil. Əksinə, qadınlara hörmətdir. Bu təklif kiməsə qəribə gələ bilər, ancaq mən bu fikri normal qəbul edirəm.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən açıqlamada bu kampaniyanın qeyri-mümkünlüyü bildirilib: “Bizim işimiz sərnişinləri rahat və təhlükəsiz daşınmasını təmin etməkdir. Sərnişinlər də bizim üçün eynidir”.

Sevinc Fədai


Müəllif: