6 Noyabr 2015 17:28
5 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist-politoloq, “Azərbaycanlılar Avropa Müqavimət Hərəkatında” kitabının müəllifi Ruqiyyə Əliyeva son günlərin ən səs-küylü hadisələrindən olan Əhmədiyyə Cəbrayılov qalmaqalı ilə bağlı Teleqraf.com-a danışıb. Onunla söhbəti təqdim edirik:

– Ruqiyyə xanım, “Vikipedia”nın fransız və rus versiyasında nə baş verir?
– Əhmədiyyə Cəbrayılov qəhrəmanlıq eləməsəydi, Fransada bu haqda əfsanələr gəzməzdi. Şarl de Qoll deməzdi ki, onu mənimlə tanış edin.

– Onlar harada tanış olublar? Hansısa mənbədə belə məlumat varmı?
– Əhmədiyyə Cəbrayılovun ən yaxın dostu, veteran Rene Şambar 1998-ci ildə Azərbaycana gələndə ondan soruşdum ki, Şarl de Qoll və Əhmədiyyə Cəbrayılov harada tanış olublar? O dedi mən də bunu Əhmədiyyə Cəbrayılovdan soruşdum, ancaq cavab vermədi, dedi hərbi sirdir, açıqlaya bilmərəm.

– Maraqlıdır...
– Təsəvvür edin, general vertolyotda dağlara gəlir, Əhmədiyyə Cəbrayılovla görüşür. Yəqin Şarl de Qoll da ona tapşırıb ki, harda görüşdüyümüzü heç kimə danışma.

– Ona görə də heç bir yerdə bu görüşə aid qeydlər olmayıb.
– Ermənilər müzakirələrdə yazırlar ki, heç bir mətbuatda Şarl de Qollun gündəliyində onun adı yoxdur. Bu, ayıb şeydir ey. Almanlar Əhmədiyyə Cəbrayılovun başına 10000 pul qoymuşdular, bunu ki hamı bilir.

– Bunu təsdiqləyən sənəd var?
– Təbii ki. Kitabımda da vermişəm. Amma indi ona paxıllıq edirlər. Qəhrəmanlıq eləməsəydi, onu Şarl de Qollun yubileyinə çağırmazdılar. Qarbaçovla bir vaqonda gediblər. O, sonda banketdə on dəqiqəlik çıxış da edir.

– KİV və ictimaiyyətlə əlaqələr texnologiyaları sahəsində mütəxəssis Əli Hacızadənin “Vikipediya”nın Rus bölməsində erməni bayrağı” yazısını oxudum. Yazıda deyilir ki, “Vikipediya”da erməni təbliğatının məhsullarını yerləşdirməklə milliyətcə erməni olmayan, muzdla çalışan iki “könüllü” redaktor var – Şextman Pavel İosifoviç və Qomoz Vadim Voldemaroviç. Sizcə, Əhmədiyyə Cəbrayılov qalmaqalına bunların təsiri ola bilərmi?

– Əlbəttə ki, onların təsiri var. Ermənilər və onların tərəfdarları bizim xalqımıza, onun tarixinə, qəhrəmanlarına, mədəniyyətinə nifrət edirlər. Bizim ölkəmizin nailiyyətləri, xalqımızın istedadlı, cəsur, mərd qəhrəmanları onlara sakitlik vermir. Ona görə də tez-tez bizim xalqımızın tarixində neqativ məqamlar axtarırlar. Sonra da öz uydurmalarını bütün dünyanın gözü qarşısına çıxarırlar.

– Ruslar bəzi kitablara istinad edir və orda xronoloji yanlışlıqların olduğunu deyirlər. Bunu necə izah etmək olar?
– O dövrdə arxivlər bağlı idi. Tədqiqatçılar burdan istifadə edə bilmirdi. Təbii ki, bu zaman da xronoloji ardıcıllıq pozula bilərdi.

– Bəs Moris Toreslə bağlı nə deyə bilərsiniz?
– Ola bilməz ki, Moris Tores müharibə illərində Moskvada gizlənsin. Belədə ortaya sual çıxır: Onların hər hansı bir gizli, məxfi, xüsusi yolu yoxuydumu? Mən belə hesab edirəm ki, Moris Toreslə belə bir görüş ola bilərdi. Yəni ki, inanmıram ki, o, bütün bu beş il ərzində Moskvada gizlənsin. Məlumdur ki, antifaşist hərəkatının belə rəhbərlərinə öz ölkələrinə gizli gəlmək üçün şərait yaradılırdı. Bunlar boş yerdən yarana bilməz.

– Əhmədiyyə Cəbrayılova “Xarqo” ləqəbini də Moris Tores verib, deyirlər.
– Bəli. Onun “Xarqo”, “Rus Armed”, “Fraji”, “Kuroji” və başqa ləqəbləri də olub. O, ”nividimka” kimi olub. Yəni məcazi mənada gözəgörünməz olub. Hər bir işi elə dəqiq, elə gizli edərmiş ki, heç kəs bilməzmiş bunu kim edib. “Kuroji” ləqəbini də buna görə veriblər. Məhz onun bu xüsusiyyətləri daha çox diqqəti çəkib. Tapşırıqları xüsusi məharətlə yerinə yetirirmiş. Şarl de Qoll da bunları nəzərində saxlayırmış. Əhmədiyyə Cəbrayılov haqqında yazılan kitablarda da onun əməliyyatları adamı riqqətə gətirir.

– Tarn və Qaron haqqında nə deyə bilərsiniz?
– Bununla bağlı sənəd var. İndi sizə göstərim. Tarixi 13 mart 1945-ci ilə aiddir.

– Rodes haqqında nə deyə bilərsiz?
– “Az. - Rodez!” gizli təşkilatda olub. Parolu da “az-rodez” olub. Onu ideyaların Mirzəxan Məmmədov, Hüseyn-Rza Mamedov verib. Sonralar Əhmədiyyə Cəbrayılov da bu təşkilatda olub.

– Ruqiyyə müəllim, Fransanın elə bir jurnalı var ki, orda Əhmədiyyə Cəbrayılovla bağlı məqalə çıxsın və bu, geniş əks-səda doğursun.
- Bəli. V.Karpovun “Bonjur, kamarados” adlı məqaləsi var. Fransanın ”Soviyetiko Etyudes” jurnalında çıxıb. Birinci, Braziliyanın baş katibi Karlos Presdes bu məqaləni oxuyur, Əhmədiyyə Cəbrayılovla tanış olmaq üçün Şəkiyə gəlir.

Sonra SSRİ-nin Seneqaldakı səfirliyinin diplomatı Sergeyev də bu məqaləni oxuyur. Bu yazını konvertə qoyub Ə.Cəbrayılova hədiyyə göndərir. Yazı gəlib çatır.

– Türkiyədən Y.Öztürk də Əhmədiyyə Cəbrayılov haqqında kitab yazıb.
– Orda da Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı xüsusi vurğulanır. Yəni onun inanılmaz keyfiyyətləri olub. Şarl de Qolla görüş orda da verilib. Tarbe dağı, Xarqo kitabında da yazılıb.

- Yəni görüş Tarbe dağında olur?
- Elə bir məlumat var.


– Ruqiyə müəllimə, 1977-1978-ci illərdə Əhmədiyyə Cəbrayılovla danışıb qeydlər aparmısız. Mənə elə gəlir, bu gün o danışığın da böyük əhəmiyyəti var. Bu haqda nə deyə bilərsiniz?

Ardı növbəti yazıda....

Sərvər Şirin


Müəllif: