8 Noyabr 2015 09:21
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda keçirilən növbəti Nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.

Teleqraf.com xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi 10-cu Nar bayramı nadir təbii sərvətlərimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Tədbirində qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstəsi qoyublar.

Bayram iştirakçıları əvvəlcə Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi iştirakçıları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.

Sonra rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanışlıq olub. Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət nümunələri, idmançıların, kəndirbazların, pəhləvan və sehirbazların, folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları maraqla izlənilib.

Heydər Əliyev parkında rəmzi nar ağacları əkilib.

Bayram çərçivəsində keçirilən müxtəlif yarış və müsabiqələr də maraq doğurub. Ən böyük və ən kiçik nar yetişdirənə, nar şirəsini daha sürətlə hazırlayana və digər qaliblərə pul mükafatları verilib./AzərTac/


Müəllif: