9 Noyabr 2015 22:37
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 9-da Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvlərinin Türkiyə səfəri başlayıb. Səfərdə QAT sədri Akif Nağı başda olmaqla, təşkilatın bir neçə üzvü iştirak edir. Musavat.com xəbər verir ki, beş gün davam edəcək səfər çərçivəsində Türkiyənin İqdır və Qars bölgələrində görüş və tədbirlər nəzərdə tutulub.

QAT sədri A.Nağı musavat.com-a bildirib ki, səfər QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində reallaşdırılıb: “Layihə çərçivəsində Qarabağ həqiqətlərinin çatdırılması ilə məşğuluq. Bununla bağlı materialların çap olunması və yayılması nəzərdə tutulub. Buradakı görüşlərdə də məqsəd Qarabağ münaqişəsi ilə bağlı faktları daha çox insana çatdırmaq, həqiqəti bilmələrinə yardımçı olmaqdır”.

Qeyd edək ki, günorta saatlarında Akif Nağı ASİMDER (Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyi) başqanı Göksel Gülbeylə görüşüb. Göksel Gülbey son dövrlərdə qondarma erməni soyqırımı iddialarına qarşı gördükləri işlərdən danışıb. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ probleminin tanıdılması istiqamətində fəaliyyətlərindən söz açıb. Azərbaycanda bayraq günü münasibətilə İqdırın mərkəzində Azərbaycan bayrağının asıldığını diqqətə çatdıran G.Gülbey: “Mərkəzimizin binasından altı metr uzunluğunda Azərbaycan bayrağı asmışıq, Azərbaycanın bayraq gününü qeyd edirik”,- deyib.

Səfərin birinci günü İqdırda fəaliyyət göstərən QHT-lərlə Qarabağ müharibəsi barədə həqiqətləri dünyaya çatdırmaq istiqamətində əməkdaşlıq barədə müzakirə aparılıb. Çıxış edən G.Gülbey Qarabağda baş verənlərin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın və QAT-ın bu istiqamətdəki fəaliyyəti barədə danışıb. A.Nağı isə Dağlıq Qarabağ probleminin həqiqət halında dünya ictimaiyyətinə çatdırmağın vacib olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu məsələdə dövlətdən başqa, vətəndaş cəmiyyətinin də fəaliyyəti vacibdir. “Türkiyə həmişə Azərbaycana dəstək verib, yanındaolub. Bu gün Qarabağ problemi həm də Türkiyənin problemidir. Bu məsələnin həllində Türkiyə öz rolunu, öz sözünü deməlidir”. Tədbirdə eyni zamanda, QAT-ın Qarabağla bağlı çəkdiyi “Yaddaş” filmi nümayiş etdirilib və disk halında tədbir iştirakçılarına paylanıb.


Müəllif: