10 Noyabr 2015 11:46
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın ictimai nəqliyyatı üçün vaxtaşırı təzə avtobuslar gətirilir. Marşrut xətlərində təkmilləşmə aparılır, tıxacların aradan qaldırılması üçün zəruri hesab edilən tədbirlər görülür. Ancaq təzələnən marştrut və avtobuslar bəzən köhnə problemləri də özləri ilə daşıyır. Söhbət sərnişinlərin səhhəti üçün vacib olan təmizlikdən gedir.

Həkim xəbərdarlığı

Marşrut avtobuslarındakı antisanitariya ilə bağlı narazılıq edən daha bir sərnişin - həkim-pediatr Vaqif Qarayev 12 saylı avtobusdakı vəziyyətdən bəhs edib. Həkim həmin marşrut avtobusdan istifadənin sağlamlıq üçün təhlükəli olduğunu deyir: “İstifadə etdiyim 12 sayli marşrutun son dayanacaği 8-ci kilometrdə yerləşən Vərəm Dispanseridir. Hər gün bu marşrutdan onlarla vərəmli xəstə istifadə edir. Onlarin arasinda vərəmin açıq formasindan əziyyət çəkənlərin də olduğu qətiyyən istisna edilmir. Marşrutdan həm də orta məktəb şagirdləri istifadə edir. Salonu aylarla təmizlənməyən bu avtobuslarda saysız vərəm çöplərinin olması ehtimalı böyükdür və heç kim zəmanət verə bilməz ki uşaqlar bu çöplərdən vərəmə yoluxmurlar”.

Vaqif Qarayev hər reys öncəsi avtobusların dezinfeksiya edilməsini və ya məktəblilər üçün başqa avtobusların ayrılmasını təklif edir.

Mövzunun aktuallığını nəzərə alıb aidiyyatı qurumlarla əlaqə saxladıq. Marşrut avtobuslarını nazirliyin, yoxsa xəttə nəzarət edən sahibkarın təmizləməli olduğunu və bunun hansı qaydalara əsasən aparılmalı olduğunu öyrənmək üçün ekspertə müraciət etdik.

Nəqliyyat məsələləri üzrə ekpert Ərşad Hüseynov bu məsələnin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini dedi: “Nazirlər Kabinetinin sərnişindaşıma və baqaj daşıması qaydaları ilə bağlı 141 saylı qərarı var. Həmin qaydaya görə sərnişindaşıma üçün nəzərdə tutulan avtonəqliyyat vasitələri təmiz olmalı, sanitar-gigiyenik tələblərə cavab verməlidir. Bunu təmin etmək üçün həmin nəqliyyat vasitəsinin sahibi - sərnişindaşıma ilə məşğul olan şirkətlər təmizlik qaydalarına riayət etməlidirlər.

Bakıda demək olar ki, marşrut avtobuslarının çoxu şirkətlərə məxsusdur, fərdi avtobus sürücüləri azdır və ya heç yoxdur. Ona görə də, şirkətlər bunu təşkil etməlidirlər. Nəqliyyat vasitələri hər gün reysdən qabaq texniki baxışdan keçirilməlidir. O texniki baxışın tərkib hissələrindən biri də avtobusların təmizliyi, sanitar-gigiyenik tələblərə cavab verməsidir".

Avtobuslar dezinfeksiya olunmalıdır

Ərşad Hüseynov bildirir ki, avtobuslar təmizləmə ilə yanaşı, dezinfeksiya da olunmalıdır: “Bu, mütəmadi aparılmalıdır, amma mövsumə uyğun hansısa epidemoloji, infeksion xəstəlik yayılıbsa, həmin vaxtlarda göstəriş verilməlidir ki, avtobuslar hər gün dezinfeksiya edilsin. Göstəriş olmadıqda heç olmasa həftədə bir dəfə xüsusi kimyəvi maddələrlə avtobusları dezinfeksiya etmək lazımdır”.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyir ki, sərnişinlər narazılıq etsə də, sərnişin avtobusları hər gün təmizlənir. O, həmiçinin avtobuslardakı antisanitar vəziyyətə elə sərnişinlərin özlərinin səbəb olduğunu deyir: “Qəribədir ki, bu vəziyyətdən şikayət edən də sərnişinlər özləridir. Avtovusları çirkləndirən sürücülər deyil. Avtobusların oturacaqlarını cıran, yazan, çirkləndirən, yedikləri qidanın tullantıları ilə zibilləyən sərnişinlərdir. Bununla belə hər gün avtobuslar təmizlənir. Amma yenə də çirkli, zibilli olması başadüşüləndir. Çünki hər gün nə qədər təmizlənsə də, avtobuslar gün ərzində xətdə olduğundan yenidən antisanitar vəziyyətə düşür”.

Şəfa Mehmanqızı sərnişinlərin rastlaşdığı natəmiz vəziyyətlə bağlı Bakı Sərnişinəqliyyatı və Yükdaşımaların təşkili MMC-yə müraciət etmələrini bildirir. O, bu halda yenidən müvafiq tədbilər görüldüyünü, ehtiyac yarandığı təqdirdə hətta avtobusların yenisi ilə əvəz olunduğunu deyir.

Mövzu ilə bağlı paytaxtın sərnişindaşımasının bir qismini üzərinə götürən “Baku Bus” MMC ilə də əlaqə saxladıq.

Sərnişinlərin də məsuliyyəti var

Qeyd edək ki, sözügedən şirkətə məxsus avtobuslar yeni olduğu üçün təmizlik sarıdan qənaətbəxşdir. Bir müddət istismardan sonra bu nəqliyyat vasitələrinin də köhnələrin aqibətini yaşayacağı təbiidir. Amma şirkət təmsilçiləri “Baku Bus” sərnişinlərinin gələcəkdə də keyfiyyətli xidmətlə təmin olunacaqlarını deyirlər.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirir ki, sərnişin avtobusları reysə çıxmadan əvvəl hər gün yuyulur: “Təmizlik adətən axşamlar olur, iş saatı bitdikdən sonra. ”Bakı Bus" təmizləmə işlərini həyata keçirən bir şirkətlə müqavilə imzalayıb və xətdəki avtobusların təmizliyi ilə həmin şirkət məşğul olur".

Nuridə Allahyarova “Baku Bus”un avtobusarından istifadə edən sərnişinlər arasında yoluxucu xəstələliklərin yayılmasının minimuma endirilməsi üçün tədbirlər görüldüyünü, avtobusların gündə bir dəfə dezinfeksiya olunduğunu bildirdi: “Avtobuslar içi və çölü daxil olmaqla gündə ən azı bir dəfə təmizlənir, dezinfeksiya olunur. Hava şəraiti ilə əlaqədar bir neçə dəfə də təmizlənir. Bütün avtobusların içərisində siqaret çəkmək və qidalanmanın qadağan olunması ilə bağlı lövhələr yazılıb vurulub. Bu, sadəcə, xəbərdarlıqdır, hər hansı cəza mexanizmi nəzrədə tutulmasa da, ən ağır cəzanın ictimai qınaq olduğunu düşünürük.

Yəni hesab edirik ki, o lövhəni oxuyan hər kəs özü üçün nəticə çıxaracaq. Bununla belə, istismar olunan istənilən məhsulun yararsız hala düşməsi təbiidir, o cümlədən avtobuslar. Sərnişinlərin rahatlığı naminə qeyd etdiyim kimi avtobusların təmizliyinə ciddi diqqət yetirilir".

12 saylı avtobusda...

Həkim-infeksionist Vüqar Cavadzadə deyir ki, natəmiz avtobuslardan istfadə etməklə təkcə vərəmə yox, digər yoluxucu və dermotoloji xəstəliklərə də yoluxmaq olar. Belə situasiyalarda ən çox rast gəlinən dermatoloji xəstəliklər arasında dəri infeksiyaları - dərinin göbələk xəstəlikləri, ziyillər, qoturluq və digər təmasla yoluxa bilən dermataloji xəstəliklərdir. Həkim uzun müddət təmizlənməyən antisanitar yerlərdə təkcə dermataloji deyil, daha təhlükəli infeksiyaların da olduğunu deyir.

Infeksionist həmkarı Vaqif Qarayevin fikilərini təsdqiləyərək natəmiz avtobusların vərəmin yayılması üçün əlverişli olduğunu bildirir. 12 saylı marşrutdan vərəmli xəstələrin də kütləvi istifadə etməsini əsas gətirən Vüqar Cavadzadə xəstəliyin bu yolla maneəsiz yayıldığını deyir.

Qeyd edək ki, vərəm əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Müəyyən fazaya keçdikdə müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.

Naibə Qurbanova


Müəllif: