10 Noyabr 2015 14:52
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 12-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında beynəlxalq kino industriyasında böyük nüfuza malik, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin kuratoru, həmyerlimiz Əddis Hacıyevin “Müasir kinematoqrafda rəssam işi” mövzusunda mühazirəsi təşkil olunacaq.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, mühazirəyə kino, televiziya və reklam sahəsində çalışan rəssamlar, dekor, kostyum və qrim ustaları, rekvizit mütəxəssisləri və bu sahəyə peşəkar maraq göstərən hər bir rəssam qatıla bilər.

Mühazirə əsasən “Rəssam qrupunun tərkibinin, işinin və məsuliyyət dairəsinin müəyyən olunması”, “Müasir film istehsalında layihənin bədii həlli termini”, “Rəssam qrupunun işə başlaması üçün zəruri olan şərtlər və işin təhvil verilmə qaydası” və “Rəssamın prodüser, icraçı prodüser, rejissor və ikinci rejissor ilə səmərəli ünsiyyətinin qurulması prinsipləri” mövzularını əhatə edəcək.

Qeyd edək ki, Əddis Hacıyev 1979-1983-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1983-1991-cü illərdə Gerasimov adına Ümumrusiya Kinematoqrafiya Universitetinin “Rəssamlıq” fakültəsində təhsil alıb. “Ən yaxşı rəssam işi” nominasiyasında bir çox beynəlxalq film festivallarının nominantı və qalibidir.


Müəllif: