11 Noyabr 2015 17:03
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən saat altıdır. Üzü “Semaşkoya” – 1 saylı Şəhər Kliniki Xəstəxanasına tərəf qalxıram. Bu sazaqlı havada bir-iki addım atıram ki, qulağım orta yaşlı bir süpürgəçinin zümzüməsini çalır:

– Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu
Neçin gəldi gedər oldu?
Əldən çıxdı cavanlığım!

Özümü o yerə qoymayıb telefonu qurdalaya-qurdalaya yaxınlaşmağa məqam axtarıram. Mahnının təsirində küçəni şövqlə süpürdüyünü görüb onun işini axsatmıram. Yadıma hələ qədimdən işi yüngülləşdirmək üçün oxunan əmək nəğmələri düşür. Amma hiss olunur ki, bu hava o havadan deyil. Bunu üzü bağlı olan zavallı qadının əzab-əziyyətdən, çuxura düşmüş gözlərindən sezmək olar.

– Siqaretin olmaz?


Dik atılıram. Arxaya çönürəm ki, orta yaşlı bir kişidir.

Onun üzünə mülayim bir ifadə çökür:
- Bağışla, sən Allah, deyəsən, qorxutdum?

“Heç nə olmaz deyib” ona bir siqaret uzadıram. Elə yandırıb bir-iki qullab alır ki, kişinin ağzından od püskürür:
- Oğlum kömək eləmir. Ayaqlarım da yaxşı işləmir deyə çox çətindir...

Bunu deyib arxaya bir addım atmaq istəyir ki, ləngər vurur. Özünü nizamlayıb davam edir:
- O da yoldaşımdır. İki ərazi götürüb deyə buraları düz saat səkkizə kimi zorla süpürüb qurtarır. Bir tikə çörəyin ucbatından rayondan vurub gəlmişik bura.

- İşi çətinliklə tapmadınız?
- Yox. Bu işi asanlıqla tapdıq. Başımızı saxlayırıq. Görək yavaş-yavaş pul toplayıb, bəlkə, belimi də “apres” elədik. Amma Allahdan razıyam, bu günümüzə də şükür. Kiməsə möhtac deyilik.

- Allah köməyiniz olsun.

Kişi mənə “arvad gedir, di salamat qal” deyib yanımdan uzaqlaşır. Arxasınca çatıb, bir-iki siqaret verib mən də müşahidələrə davam edirəm.

Çörək ağacı süpürgə və özünü oda-közə vuran ana...

Maşınlar asfaltda “cövlan” edir. Mən də səki boyu qalxır, süpürgəçilərin vəziyyətindən halı oluram. Uzaqdan yaşlı bir nənəni görüb ona yaxınlaşıram:

- Nənə, işiniz avand olsun. Deyəsən, yorulmusunuz?
- Bala, havayı heç nə yoxdur. Mənim də pulum bu yollardan çıxır.

- Başa düşürəm ehtiyacınız var.
- Hə oğul, süpürgə çörək ağacımızdı. Dolanışığımız bundan çıxır. Nəvəmə oyuncaq alanda elə bil dünyalar mənim olur.

- Allah saxlasın. Nənə, süpürgəçilik çətin deyil, yəni canınız əl verir?
- Bir ərazim var, o başdan durub ehmal-ehmal təmizləyirəm. Dərmanlarımı da vaxtı-vaxtında içirəm deyə hələ ki yaxşıyam. Əsas odur ki, uşaqlarıma möhtac deyiləm. (gülümsəyir)

- Nənə, baxıram, süpürgəçilərin çoxu üzünü bağlayır. Amma sizin üzünüz bağlı deyil.
- Hə elədir. Soyuqdan bağlayan da var, toz-torpağa görə bağlayan da, utanıb özünü bildirmək istməyən də...
“Qolunuza qüvvət deyib” youlma davam edirəm. Elə bu sətirləri yazdığım dəmdə dayanacaqda səs-küy eşidib diqqət kəsilirəm. Uşaq anaya kömək eləmək istəyir, ana da onu başından eləyir, qıymır:

- Sənə dedim axı gəlmə. Get uzan yat. Dərsini oxu. Eləmə qoy yerə süpürgəni.
“Bəsdi də, ana, sağ ol deməkdən, düşmüsən üstümə” - uşaq süpürgədən bərk-bərk yapışıb anasının böyrün kəsdirir.

Ana uşağa çəmkirir:
- İndi xəstələnəcəksən, qaş düzəltdiyin yerdə vurub göz çıxardassan.

Ana və balanı görüb sevinc və iftixar hissləri bir anda məni də çuğlayır. “Ana balasından ötrü özünü oda-közə atar” misalı elə bil onun üçün yaranıb. Onları sonadək izləyirəm. Ana-bala gileylənə-gileylənə gedir və nəhayət, gözdən itirlər.

Hadisənin təsirindən onda ayılıram ki, süpürgəçilərin yoxluğunda tək-tək yarpaqlar, siqaret kötükləri, sellofan torbalar yenidən səkinin qırağını “bəzəyir”. Külək də konserva qabını o yan-bu yan döyəcləyib aparır. Beləcə, mən də parklara üz tuturam.

Partdağan dənələri və qarğalar, nənənin sürütlədiyi qara torba...

Artıq parkdayam. Yaşlı bir qocanın yanında otururam. O, əsaya güc gəlib bir mənə baxır, bir də yerə. Elə bil nəsə demək istəyir. Az keçmir ki, qalın qaşlarını zəhmlə çatıb yenidən mənə baxır və ciddi bir ifadə ilə deyir:
– Buna bax, partdağanı yerlə bir ediblər!

“Hə dayı görürəm” deyib piltələrin üstünə dağılmış “Popkorun”a baxıram.

Dayı sözünə davam edir:
- Qarğalar nə həşir gəlib.

Qarğalar üçün elə bil popkorun göydən düşmə idi. Elə fotoaparatı yandırıb bir iki-şəkil çəkirəm ki, qəflətən quşlara bir süpürgə tolazlanır. Qarğalar perikib uçurlar. Dilxor olub yerimdə otururam.

Kimsə təsadüfən qarğıdalı partdağanını yerə dağıdır, qarğalar bunu gözləyirmiş kimi hücum çəkir və qəflətən süpürgə gəlir. Bilmirsən kimi və nəyi qınayasan. Qarğıdalı səpəni, qarğaları, yoxsa süpürgəçiləri. Süpürgəçilər də işini görür axı. Pula ehtiyacı var, ərazisini təmiz saxlayır ki, danlanmasınlar. Amma quşlara ehtiyatla yanaşsaq, pis olmaz.

Bir az keçir ki, süpürgəçilərə yaxınlaşıram, amma heç biri heç nə demir. Bircə qara torbanı sürütləyə-sürütləyə çəkən nənə deyir ki, bir saatdan bir buraları süpürürük.

Yadıma “Heç kəsə möhtac deyilik” sözlərini bayraq edən qarı və axsaq kişi düşür. Və beləcə, Nizami Gəncəvinin bu sətirlərini xatırlayıb yavaş-yavaş burdan uzaqlaşıram:

– Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə...


Sərvər Şirin


Müəllif: