13 Noyabr 2015 13:25
599

“Bank Technique” Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayon sakinləri - İlham Kərimov, Gülbəniz Kərimova və Könül Vəlizadəyə qarşı iddia qaldırıb. Bank İlham Kərimov və onun ailə üzvlərinə məxsus 120 min manat dəyərində olan mülkü bankın hesabına keçirməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, “Bank Technique”nin məhkəmə iddiasında İlham Kərimov, Gülbəniz Kərimova və Könül Vəlizadədən 46858,35 manat tutularaq bankın hesabına köçürülməsi tələbini irəli sürüb.

İddia ərizəsində İlham Kərimova məxsus olan Qəbələ rayonu, Çuxur Qəbələ kəndində 0,37 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi istənilir.

Ərizədə həmçinin İlham Kərimova məxsus ipoteka olunan evdə yaşayan Kərimova Gülbəniz Nəcməddin qızı və Vəlizadə Könül İlham qızı, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra evə qeydiyyata düşən digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikəri halda onların məcburi qaydada çıxarılması barədə qətnamənin qəbul edilməsi tələb olunub.


Qəbələ Rayon Məhkəməsi İlham Kərimovun banka olan borcunun 39421,99 manat olduğunu müəyyən edib. Məhkəmə ipoteka predmeti olan Qəbələ rayonu, Çuxur Qəbələ kəndində 0,37 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 120000 manat olduğu nəticəsinə gəlib.

Məhkəmənin bankın iddiası ilə bağlı çıxardığı qətnamədə qeyd edilir ki, ipoteka predmeti olan həmin bağ evi açıq hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabıba iddiaçıya 39421,99 manat ödənilməli, pul vəsaitinin qalan hissəsi İlham Kərimova qaytarılmalıdır.

Bankın rəhbərliyi məhkəmənin qətnaməsindən narazı qalıb və apelyasiya şikayəti verib. Apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mahir Əsədlinin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prosesdə çıxış edən bankın nümayəndəsi Elxan Gülməmmədov bildirib ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlaka 120000 manat ilkin satış qiyməti müəyyən edib: “Lakin bu qiymət hazırki bazar qiyməti ilə müqayisədə şişirdilmiş bir qiymətdir. Tərəflər arasında bağlanaraq rəsmiləşdirilmiş 24 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi ilə həmin əmlak 115000 manat müəyyən edilib”.

Apelyasiya şikayətinə baxan hakimlər bankın şikayətini təmin etməyib.


Qeyd edək ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan Etibar Əliyevin xəstəliyi ilə bağlı cinayət işinin icraatı dayandırılıb. Bu günlərdə isə Etibar Əliyev yenidən bankın idarə heyətinin sədri vəzifəsinə gətirilib. Etibar Əliyev bankdan kənarlaşdırılandan sonra “Texnikabank”ın adı dəyişdirilib və “Bank Technique” adlandırılıb.


Onu da qeyd edək ki, bank müflia olmaq üzrədir.


Xatırladaq ki, 2008-ci ildə bankın “Bakı” filialının rəhbəri və filialın bütün əməkdaşların barəsində cinayət işi başlanıb. Bank 81 müştərinin, ümumilikdə 39 milyon manata qədər pulunu mənimsəyib. Filialın rəhbəri Zal Yusifov həbs olunandan sonra filialın fəaliyyəti də dayandırılıb.

Hacı Zeynalov


Müəllif: