13 Noyabr 2015 15:51
406

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələri üçün “Yenidoğulmuşların reanimasiyası” üzrə təlimlər keçirilib. Təlimlər Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Sözügedən təlimlər Amerika Kardiologiya Assosiasiyasının və Amerika Pediatriya Akademiyasının “Yenidoğulmuşların Reanimasiyası Proqramı”nın əsasında tərtib edilmiş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Yenidoğulmuşların reanimasiyası” dərsliyi əsasında aparılır. Təlimlərdə Yenidoğulmuşların Reanimasiyası Proqramı üzrə iş, neonatal reanimasiya üzrə 2015-ci ilədək bütün yeniliklər, istifadə edilən aidiyyəti yeni texnologiyaların öyrədilməsi, həmçinin manekenlərin istifadəsi ilə praktik məşğələlər keçirilir.

Tədbirlərin məqsədi son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara yenidən baxış, yenidoğulmuşların reanimasiyası zamanı komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan bütün addımların sənədləşdirilməsinə müasir yanaşmaların daha geniş tətbiqinə təsir etməkdir. Bununla da həkimlərin iş potensialının artırılmasına, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə nail olunacaq.

Hazırkı təlimə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Respublika Perinatal Mərkəzi və Mərkəzi Klinik Xəstəxanada antenatal yardım xidməti sahəsində çalışan həkimlər cəlb olunublar.

Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynovun rəhbərliyi altında keçirilən bu təlimlər noyabrın 24-25-də, dekabrın 8-9-da və 15-16-da növbəti qruplar üçün davam edəcək.

Naibə QURBANOVA


Müəllif: