13 Noyabr 2015 16:03
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda komitə sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

DQİDK-a sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılmasıdır.

Komitə sədrinin müavini Səyavuş Heydərov dini icmalara həyata keçirəcəkləri layihələrdə dini ənənələrimizi və milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq indiyədək 77 dini icmaya maliyyə yardımı verilib ki, bunların 19-u qeyri-islam, 58-i isə İslam dini icmalarıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.

BƏXTİYAR


Müəllif: