13 Noyabr 2015 17:42
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ASAN Məktub” layihəsinin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etməkdir

“ASAN Könüllüləri” Gənclər Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun qəzetimizə verdiyi məlumata görə, layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini gücləndirməkdir.

Anar Hüseynovun sözlərinə görə, “Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirəcək: “Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqlar məktub yazır və bu məktublara xeyirxah insanlar vasitəsilə cavab verilir. Yəni onların arzuları həyata keçirilir”.

Valideyn himayəsindən məhrum uşaqların istəkləri reallaşacaq

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nicat Əmiraslanov qəzetimizə bildirdi ki, layihə özəl olaraq “ASAN Könüllüləri”nə məxsus olsa da ilk dəfə “ASAN Xidmət” mərkəzinin əməkdaşları tərəfindən reallaşdırılıb. Onun sözlərinə görə, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrin uşaqlarının arzularını xidmətin işçiləri yerinə yetirib.

Bu dəfə isə layihə ictimaiyyətə açıq elan olunub. Valideyn himayəsindən məhrum kimsəsiz uşaqların, uşaq evlərində, internat məktəblərində yaşayan və yeniyetmə yaşına çatmamış şagirdlərin arzularını asanmektub.az saytına daxil olmaqla istər fiziki, istərsə də hüquqi şəxslər yerinə yetirə bilər: “Sayt istifadə verilməyənə qədər “ASAN Xidmət” mərkəzinin əməkdaşları aztəminatlı ailələrin “ASAN məktub” vasitəsilə arzularını reallaşdırırdı.

Bundan sonra isə vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər. Prosesin asanlaşdırılması məqsədi ilə seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsi ilə ünvandan götürülərək uşaqlara çatdırılır və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndərilir”.

Salam, əziz Şaxta baba

Sosial qayğıya ehtiyacı olan balacaların istəkləri böyük deyil. Məktublardan bir neçəsini oxuculara təqdim edirik:

11 yaşlı Emil yazıb: “Salam. Necəsiniz? Mən dərsimi yaxşı oxuyuram. Mən istəyirəm ki, sehrli qələm, betman paltarı, əsgər geyimi və oyuncaq silah hədiyyə edəsiniz”.

13 yaşlı Aslan: “Salam əziz Şaxta baba. Mən sizi bu yeni il münasibəti ilə təbrik edirəm. Mənim bu yeni ildə istədiyim hədiyyə, “mp5”dir. Və sizə can sağlığı arzulayıram”.

3 yaşlı Yusif: “Salam. Mən Maşa və Ayını çox sevirəm, ona görə də sizdən Maşa və Ayı oyuncağı istəyirəm”.

12 yaşlı Şəfaqət: “Salam. Mənim arzum budur ki, qrupumuza televizor hədiyyə verəsiniz. Saçım üçün sancaq, barbi ayaqqabısı istəyirəm. Sağ olun”.

Cəmiyyətdə maraq doğurdu

Nicat Əmiraslanov dedi ki, layihə cəmiyyət tərəfdən maraqla qarşılanıb: “Gələcəkdə aztəminatlı ailələrin də uşaqlarının arzu və istəkləri saytda yer alacaq”.

Nicat Əmiraslanovun sözlərinə görə, sayt ictimaiyyətə təqdim edildikdən sonra proses nisbətən asanlaşıb: “Hansısa bir internat məktəbinin rəhbərliyi də təşəbbüskar olub, himayəsindəki bu uşaqların məktublarını saytın e-mailinə göndərə bilər. İndiyədək “ASAN Məktub” layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu reallaşdırılıb. Baxmayaraq ki, layihə ictimaiyyətə bu gün (dünən-red.) açıqlanıb, müraciətlərin çoxu xeyriyyəçi insanların öhdəsinə götürülüb”.

Teleqraf Media Qrupu layihəyə qoşulur

Ölkənin böyük media quruluşlarından olan Teleqraf Media Qrupu da kollektivlə bu kampaniyaya qoşulub. Qurumun rəhbəri Aynur Camalqızı deyib ki, bu işi kütləviləşdirmək, daha çox insanın diqqətini uşaqların qayğılarına yönəltmək niyyəti var: “Uşaqların məktublarının hər biri bədii əsər qədər təsirlidir. Onların dünyalarını rəngləndirmək, istək və arzularını yerinə yetirmək biz böyüklərin borcudur. Çünki qayğı əhatəsində böyüyən hər bir uşaqda özünə inam, güvən olur. Özünə güvənən insanlar isə ölkə üçün, dövləti üçün daha çox faydalı işlər görə bilərlər”.

Aynur Camalqızı bu qərara kollektivlə birgə gəldiklərini qeyd edib: “ASAN Könüllüləri”nin başladığı kampaniya ilə tanış olandan sonra əməkdaşlarla məsləhətləşdik və belə qərara gəldik ki, bütün kollektivlə bu xeyirxah işə qoşulaq. Əməkdaşlarımız hər ayın sonunda maaşdan gücləri çatan məbləğdə pul ayıracaq və biz yığılan pulla ehtiyacı olan uşaqların arzusunu yerinə yetirəcəyik. Heç kim deməsin ki, mən verdiyim 5 manatla problem həll etmək olmaz. Unutmayaq ki, dama-dama göl olar. Biz gücümüzü toplasaq, bu ölkənin sabahı olan balaların gələcək xoşbəxt həyatının təməlini indidən ata bilərik”.

Bu kampaniya cəmiyyətdə barışı, mərhəməti canlandıracaq

Millət vəkili Asim Mollazadə qəzetimizə açıqlamasında bu layihənin reallaşmasını təqdir etdi. Onun sözlərinə görə, “ASAN Könüllüləri” Gənclər Təşkilatı indiyədək çox böyük layihələrin icrasında iştirak edib və bu layihələrin genişlənməyi daim müsbət effekt verib: “Sosial qayğıya ehtiyacı olan azyaşlıların arzularının yerinə yetirilməsini Azərbaycanın gələcəyi üçün humanist və müsbət bir proqram kimi qiymətləndirirəm”.

Millət vəkili Musa Quliyev də hesab edir ki, bu layihə humanist və sosial əhəmiyyətli bir layihədir. Onun fikrincə, bu kampaniya barışın, mərhəmətin oyanmasına, canlanmasına stimul verəcək.

Musa Quliyev layihə ilə bağlı bəzi tövsiyələrini də səsləndirdi. Bildirdi ki, sosial təminata ehtiyacı olan uşaqların arzu və istəkləri yerinə yetirilərkən, müəyyən hallar nəzərə alınmalıdır: “Əlbəttə, bütün uşaqları bu layihəyə cəlb etmək sui-istifadə hallarına gətirib çıxara bilər. Ona görə bu layihə ilk növbədə uşaq evlərində böyüyən uşaqlara şamil olunduqdan sonra valideynlərindən birini itirən, yaxud ata və ya anasının əlillik dərəcəsi olan, iş qabiliyyəti olmayan aztəminatlı ailələrə tətbiq edilsə çox yaxşı olar.

Eyni zamanda uşaq ona zərər verə biləcək bir əşyanı da arzulaya bilər. Ona görə müəyyən yardımlar, uşaqların arzu etdiyi vasitələr uşaq evinin müdiriyyəti ilə məsləhətləşdirlməsi tövsiyə olunur”.


Sevil HİLALQIZI


Müəllif: