14 Noyabr 2015 14:12
2 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mozalan” satirik kino jurnalına yeni direktor təyin olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarına əsasən Əlisəttar Quliyev bu vəzifəni icra edəcək.

Xatırladaq ki, ötən il nazirin əmrinə əsasən yazıçı-ssenarist Orxan Fikrətoğlu “Mozalan” studiyasının rəhbəri vəzifəsindən azad olunaraq, “Salnamə” studiyasının baş redaktoru təyin olunmuşdu. “Mozalan” studiyasının rəhbəri vəzifəsinin icrası isə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova həvalə olunmuşdu. Bundan sonra isə bu vəzifəni Əlisəttar Quliyev icra edəcək. Müşfiq Hətəmova isə “Azərbaycanfilm” direktorluğu ilə yanaşı “Azanfilm”i də idarə edəcək.

Məlumata üçün bildirək ki, “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Mozalan” studiyası 1970-ci ildə təsis edilib. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq və bunu satira dili ilə xalqa çatdırmaq, dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı çatışmazlıqları lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi.

“Mozalan” kinojurnalının gənc direktoru Əlisəttar Quliyev yeni təyinat, habelə gələcək planları ilə bağlı “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb.

- Təbrik edirik. Nazirin əmri ilə “Mozalan” satirik jurnalına direktor təyin olundunuz. Sizin üçün gözlənilən idi?
- Mən 2011-ci ildə “Azanfilm”də direktor müavini kimi işə başlamışam. 2014-cü ilin yay aylarına qədər bu vəzifədə çalışmışam. Daha sonra direktor Fariz Əhmədov öz ərizəsi ilə işdən çıxanda o vəzifəni müvəqqəti olaraq mənə həvalə etmişdilər. Eyni zamanda “Mozalan” da “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova həvalə olunmuşdu. Amma bu yaxınlarda nazirlikdə qərara gəldilər ki, məni “Mozalan” kinojurnalına direktor təyin etsinlər.

- “Azanfilm” və “Mozalan”ın istiqaməti bir-birindən fərqlidir. Bu dəyişiklik sizi qorxudurmu?
- Bəli, biri cizgi filmlərinin istehsalı ilə məşğuldur, digəri isə kiçikhəcmli bədii süjetlər çəkir. Amma dəyişiklik məni qorxutmur. Çünki məqsəd birdir. Bizim məqsədimiz “Mozalan”ı dirçəltmək, onu tamaşaçıya yeni, müasir formada təqdim etməkdir.

- Gələcək planlarınız barədə qısa olaraq məlumat verin.
- Bu vəzifəyə noyabrın 6-da təyin olunsam da işimə ayın 16-da start veriləcək. Görüləcək işlər həddindən artıq çoxdur. İnternet saytlar, qəzetlər vasitəsilə müsabiqələr elan etmək, gənc ssenaristləri “Mozalan” ətrafına toplamaq istəyirik. Bundan başqa gələn il Nizami Kino Mərkəzində indiyə qədər çəkilən “Mozalan” jurnalının nömrələrindən yığılmış kollaj nümayiş etdirməyi planlayırıq. 70-ci ildən bu günə kimi “Mozalan”da 200-ə yaxın nömrə istehsal olunub. Hər nömrədə isə 3-4 qısametrajlı bədii süjetlər əks olunur. Bilirsiniz, gənclərimizin əksəriyyətinin “Mozalan”dan xəbəri yoxdur. Bu layihə gənclərə “Mozalan”ı tanıtdırmaq, sevdirmək üçün yaxşı vasitə olacaq. Eyni zamanda biz loqomuzu da müasirləşdirməyi qarşıya məqsəd qoymuşuq.

- Vaxtilə bu vəzifəni icra edən Orxan Fikrətoğlu qəzetimizə müsahibəsində “Mozalan”ın aktuallığını itirdiyini demişdi.
- Orxan müəllimin o fikri ilə qismən razıyam. Bəli, “Mozalan” köhnə formatda öz funksiyasını itirib. Çünki onu yeni formatda heç kim təqdim etməyib. “Mozalan” millidir və hər zaman milli koloritimizə uyğun süjetlər çəkib. Bu gün cəmiyyətimizdə çox gülməli, satirik mövzular var və onları “Mozalan” vasitəsilə tamaşaçılara təqdim etmək olar. Məqsəd eynidir: cəmiyyətdəki çatışmamazlıqları tamaşaçaya satirik, təndiqi və yeni formada təqdim etmək.

- Siz də iddia edirsiniz ki, “Mozalan”ı yeni formada təqdim edəcəksiniz...
- Bəli, “Mozalan” yeni formatda olacaq. Cavan aktyorları cəlb edəcəyik, mövzular müasirləşəcək. Birbaşa tənqiddən uzaq satirik dildə tamaşaçıların başa düşəcəyi formada təqdim olunacaq.

- Telekanallarla işbirliyiniz hansı formada olacaq?
- Hələ ki, bu barədə danışmaq tezdir. Amma bu, mütləq olmalıdır. Ondan başqa şəhərdə 7-8 müasir kinoteatr var ki, biz də onların imkanlarından yararlanmaq istəyirik. Sovet dövründə kinoteatrlarda hər seansdan əvvəl “Mozalan” nümayiş olunurdu. Bu sistemə qayıtmaq məncə, çox uğurlu ola bilər. “Mozalan”ın sosial şəbəkələrdə ünvanları və “YouTube” da kanalı da olacaq.

- Səhv etmirəmsə, bu yaxınlarda ekranlara çıxan “İki tüstü” kommersiya filminin prodüserisiniz.
- Bəli, həm də rejissoruyam. Mən Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissor” fakültəsinin həm bakalavr, həm də magistr üzrə məzunuyam. Bakalavrda müəllimim Eldar Quliyev, magistrda Cəmil Quliyev olub. 2007-ci ildən “Azərbaycanfilm”də assistant kimi işləmişəm. Amma son olaraq həm prodüseri, həm də rejissoru olduğum “İki tüstü” filminin bu kinostudiyaya, habelə Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti yoxdur. Bu, şəxsi layihəmdir. Gənclər üçün kriminal komediyadır. “İki tüstü” narkomaniyaya stop deyir.

- Azərbaycanda prodüser olmaq çətindir?
- Azərbaycanda əsl kinoprodüser demək olar ki, yox dərəcəsindədir. Əgər hansısa bir insan pul tapıb filminə maliyyə ayırırsa, bu o demək ki, o kinoprodüserdir. Hazırda aspiranturada oxuyuram. Və mənim mövzum “Müasir Azərbaycan kinosunda kinoprodüserliyin problemləri”dir. Mövzunu araşdıranda bunların şahidi oluram. Azərbaycanda kinoprodüser olmaq çox çətindir. Baxmayaraq ki, kinoteatrların sayı artır, imkanlar açılır. Amma təəssüf ki, bizdə bu sistem hələ ki, düzgün formada qurulmayıb.

Bilirsiniz, prodüser mərkəzini açmaq və təşkil etmək çətin deyil. Lakin onu işlədən, iki-üç filmə maliyyə tapıb onu istehsal edən prodüser yoxdur. Əsas prodüserimiz nazirlikdir. Çünki bircə, nazirlik filmlərin istehsalı üçün böyük məbləğlər ayıra bilir. Kino 5-10 minlik layihələr deyil. Burada 100 min, bir milyondan söhbət gedir.

- Müşfiq Hətəmovun rəhbəri olduğu Prodüserlər Gildiyasının üzvüsünüz?
- Xeyr.

- Nə əcəb?
- Hələ ki, mənə təklif gəlməyib. Təklif gəlsə, məmnuniyyətlə, qəbul edərəm.

- “İki tüstü”dən hansı nəticələri gözləyirsiniz?
- Hər halda bu mənim ilk tammetraj filmimdir. Rejissor və prodüser kimi böyük təcrübə topladım. Uğurlu alındı. Əlbəttə, bir prodüser kimi filmdən pul qazanmaq istəyirəm, hətta qazanmasam belə rejissor kimi filmimdən aldığım enerji, təcrübə və bu aura məni qane edir.

- Ancaq filmin piar kampaniyası zəif idi.
- Bu da maliyyə ilə əlaqədardır. Yaxşı piar kampaniyası aparmaq üçün yaxşı da pul lazımdır.

- Sirr deyilsə, filmə xərcləyidiniz maliyyəni açıqlaya bilərsinizmi?
- Filmə təxmini 67 min dollar xərc çəkilib.


Müəllif: