20 Noyabr 2015 11:03
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycanla Tərəfdaşlıq Strategiyasının hazırlanması ilə əlaqədar ölkəmizdə səfərdə olan Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar sahəsinin prioritet istiqamət kimi ölkənin gələcək iqtisadi inkişaf hədəflərində, o cümlədən “Azərbaycan-2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında əsas yer aldığını qeyd edib.

Nazir müavini qeyd edib ki, iqtisadiyyatın İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ixracyönümlü məhsul və xidmət istehsalının genişləndirilməsi məqsədilə ölkədə yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkili üzrə məqsədyönlü işlər aparılır, elektron hökumətin formalaşdırılması uğurla davam edir. Bu sahələrdə əməkdaşlıq və Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsinin tərəfdaşlıq üçün faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Koreyanın Strategiya və Maliyyə Nazirliyinin (SMN) nümayəndə heyətinin rəhbəri, SMN-in Beynəlxalq İnkişaf Siyasəti İdarəsinin direktoru Han Jung da ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi diqqət verdiyini və 2016-2020-ci illər üçün “Ölkə Tərəfdaşlıq Strategiyası”nda bunun əks olunduğunu bildirib.

Sənəd layihəsində İKT sahəsinin prioritet istiqamətlərdən biri kimi daxil edildiyi qeyd edilib.

Daha sonra Koreya nümayəndə heyəti tərəfindən hazırlanmış təqdimata baxış keçirilib, sənəd layihəsinə dair fikir mübadiləsi aparılıb.

İLHAMƏ


Müəllif: