20 Noyabr 2015 12:26
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarından istifadə edən 100 mininci sərnişin mükafatlandırıldı. Sentyabrın 12-də istifadəyə verilən elektrik qatarının yolunu əslində sərnişinlər çoxdan gözləyirdi. Vaxtilə Bakıətrafı qəsəbələrin əhalisinin sevimli nəqliyyat vasitəsi olan elektrik qatarı ölkənin müxtəlif istiqamətinə - Xaçmaz, Gəncə, Hacıqabula da işləyirdi. Tıxacı aradan qaldıran, əhalini ünvana tez və sərfəli qiymətə çatdıran “elektriçka”lar əlverişli nəqliyyat sayılırdı.

90-cı illərin sonunda ləğv olunan həmin elektrik qatarlarının yenidən bərpası gözlənilirmi?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov qəzetimizə açıqlamasında hazırda Abşeron yarımadasında “Böyükşor” - Zabrat-Sumqayıt və “Böyükşor”-Suraxanı-Qala-Dübəndi istiqamətində qatarların hərəkət etdiyini dedi: “Bundan başqa uzaq istiqamətlərə gedən elektrik qatarlarımız da var. Keşlə-Hacıqabul-Şirvan- İmişli, Keşlə-Yalama xətləri işləyir”.

Riqadan ikimərtəbəli elektrik qatarları gətirilir

Nadir Əzməmmədovun sözlərinə görə, hazırda köhnə elektrik qatarlarının yeniləri ilə əvəzlənməsi işləri həyata keçirilir ki, bu istiqamətdə işlər başa çatdırılısın: “Riqadan ikimərtəbəli yeni elektrik qatarları alırıq. Bu yöndə iş gedir”.

Qeyd edək ki, Bakıdan Sumqayıta gedən elektrik qatarının paytaxtdan başlanğıc istiqaməti Bakı vağzalındandır. Yeni istifadəyə verilən elektrik qatarı Keşlə, Biləcəri, oradan da Sumqayıta yola düşür. Əhali bu qatarların Fatmayı, Goradil bağları istiqamətində nə zaman hərəkət edəcəyi ilə maraqlanır.
Nadir Əzməmmədov dedi ki, hazırda Bakı-Sumqayıt elektrik qatarı yarımdairə üzrə hərəkət etdiyinə görə bağlara gedib çıxmır. Dairəvi hərəkət bərpa olunduqdan sonra qatar həmin istiqamətə də gedəcək: “Gələcəkdə qatar təkcə Bakı-Sumqayıt üzrə yox, dairəvi hərəkət edəcək, o zaman bağlarda yaşayan sərnişinlərin də elektrik qatarlarına tələbatı təmin olunacaq”.

QSC rəsmisi bildirdi ki, Bakı-Xaçmaz və digər istiqamətlər üzrə elektrik qatarlarının istifadəyə verilməsi də nəzərdə tutulub: “Qatarların təhlükəsiz hərəkəti üçün elektrik təchizatı, rabitə siqnalizasiya xətləri də yenilənməlidir”.

Təhlükəsizdir, xidməti komfortdur, iqtisadi səmərəsi var

Şəhərsalma üzrə ekspert Cahangir Qocayevin bildirdiyinə görə, elektrik qatarları 4 amil üzrə - həm təhlükəsizlik, həm komfort xidmət, həm iqtisadi, həm də ekoloji baxımdan çox əlverişlidir: “Elektrik qatarlarından istifadə ona görə təhlükəsizdir ki, yol qəzalarına düşmə riski aşağıdır, yollarda tıxac olmadığına görə sərnişini vaxtında getdiyi ünvana çatır. Vaxtilə elektrik qatarları o qədər dəqiqliklə işləyirdi ki, hətta sərnişinlər saatlarını bu nəqliyyat vasitəsinə görə tənzimləyirdi.

Komfort xidmət sərnişinlərin ürəyincədir. “Elektriçka”lar əvvəlki kimi taxtadan ibarət deyil. Bakı-Sumqayıt qatarı görürsünüzmü, sərnişinlərin necə ürəyincədir? Ona görə də bu nəqliyyat iqtisadi baxımdan da rentabellidir. Sərnişinlər bu nəqliyyat növünə üstünlük verdiyi üçün iqtisadi baxımdan gəlir gətirə bilər".

Daxiliyanma mühərriki ilə işləyən maşınlar, yaxud şeytan arabası

Cahangir Qocayev dedi ki, yaxın gələcəyin sərnişindaşıma növü elektrik nəqliyyatı olduğu üçün bu növ nəqliyyatın geniş tətbiqinə böyük ehtiyac var: “Vaxtilə paytaxtın mərkəzi küçələrində işləyən tramvaylar, trolleybuslar da ekoloji baxımdan çox əlverişli idi. Təəssüf ki, o xətlər dağıdıldı, bir hissəsi mənimsənildi və sair... Amma daxili yanma mühərriki ilə işləyən maşınlar tarixə qovuşmalıdır deyə bu nəqliyyat növünün şəhərin mərkəzində istifadəyə veriləcəyi gözləniləndir.

Özü də müasir tramvayların əvvəlki kimi, elektrik xətti kəsildikdə, yolda hərəkətə mane olmaq kimi çatşımazlıqları yoxdur. Tramvayların akkumlyatorunun tutumuna görə bir, iki dayanacaqdan bir əlavə enerji götürmək kimi imkanları var. Ona görə də gələcək bu nəqliyyat vasitələrinindir. Yəqin ki, biz Bakı küçələrində günəş batareyaları ilə işləyən avtobusların, şəhərdə hərəkət edən elektromobillərin də şahidi olacağıq".

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun sözlərinə görə, dəmiryolu sovetlər dönəmində strateji obyektlərdən biri idi və dotasiya ilə işləyən obyekt olduğu üçün müstəqilik dövründə bu sahə nəzarətdən kənarda qaldı.

Ekspertin fikrincə, hazırda bu sahədə görülən təqdiredici işlər elektrik qatarlarının da tam imkanla işləyəcəyinə əsas verir: “Müəyyən işartıların olması ümidverici hadisədir. Düşünürəm ki, vaxtilə ən aktiv vəziyyətdə olan bu nəqliyyat növü yenidən bərpa olunacaq. Bu gün nə yükdaşımada, nə sərnişindaşımada böyük həcmli inkişaf layihəsi görünür. İnkişaf etmiş hər bir dövlət üçün nəqliyyat prioritet sahədir. Bu baxımdan hesab edirəm ki, bu sahənin inkişafına yaxın günlərdə start veriləcək”.

Sevil Hilalqızı


Müəllif: