21 Noyabr 2015 21:03
728

Təhsil Nazirliyinin dəstəyi ilə “İnkişaf" Elmi Mərkəzi “Müəllimlər üçün peşə standartlarının hazırlanması" layihəsini icra edəcək. Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, bu məqsədlə tam orta məktəblərin Azərbaycan bölməsində dərs deyən 500 nəfər “Azərbaycan dili", 500 nəfər “Riyaziyyat" fənnindən dərs deyən müəllim toplanaraq peşə standartlarının müəyyənləşdirilməsinə və anonim qiymətləndirilməsinə qatılacaqlar.

Dünyada bu standartlar çoxdan var

Azərbaycanda müəllimlərin peşə standartlarının hazırlanmasın vacib sayan mütəxəssislər hesab edirlər ki, bu standartlar “Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi"nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların açılmasına xidmət edəcək, Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək.

Eyni zamanda, standartların müəyyənləşdirilməsi Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində müsbət rol oynayacaq, müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim nüfuzunun artırılmasına zəmin yaradacaq.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, pedaqoqlar üçün peşə standartının tətbiq olunması bu peşə sahiblərinin keyfiyyət baxımından daha yüksək nailiyyətlər əldə etməsinə səbəb olacaq. Avropa ölkələrində uzun müddətdir müəllim peşəsi üçün standartlar tətbiq olunub: “Həmin ölkələrdə çalışan pedaqoqlar tək dərs dediyi sahə üzrə mükəmməl biliyə malik olmur, həmçinin digər fənlər barədə də məlumatlı olur. Müəllimin peşəsi standartının tətbiq olunması Azərbaycan təhsilinə ciddi fayda gətirəcək ".

Peşə standartının yoxluğu tədrisə mənfi təsir edib

Təhsil eksperti Nadir İsrafilov da Təhsil Nazirliyinin bu addımını təqdirəlayiq hesab edir. Onun sözlərinə görə, müəllimin peşə standartı onun tədris metodikasının hansı səviyyədə olması kimi başa düşülməlidir: “Tədris prosesində müəllim üçün çərçivələr müəyyənləşdirilməlidir ki, onun hansı tələblərlə və hansı istiqamətdə fənn tədris etdiyi məlum olsun. Amma bizdə hələ də müəllimlər üçün vahid standartlar yoxdur. Sovetlər dönəmində Nazirlər Sovetinin təsdiqi ilə təhsil standartları tətbiq olunurdu. Hazırda bu məsələyə yenidən önəm verilməsi alqışlanmalıdır".

Nadir İsrafilov bildirdi ki, müəllimlərin kurikulum konsepsiyasına görə, həm şagird, həm də müəllim üçün ayrı-ayrılıqda standartlar müəyyənləşməlidir: “Bu gün ən aktual məsələlərdən biri müəllimlərin ali məktəblərdən hazırlıqsız gəlməsidir. İşə başlayanda bu müəllimlərin təcrübəsizliyi özünü göstərir və bu da şagirdlərin təhsilinin keyfiyyətinə mənfi təsir edir.

Çox təəssüf ki, bizdə şagirdlər üçün standartlar müəyyənləşib, müəllimlər üçün yox. Müəllim dərsi öz bildiyi şəkildə, istədiyi formada tədris etməməlidir. Əlbəttə, peşə standartları olsa, tədrisdə müəllimin məsuliyyət və intizamı aydınlaşar".

Humanist müddəalar pozulsa...

Nadir İsrafilov onu da qeyd etdi ki, “Müəllimlər üçün peşə standartlarının hazırlanması" layihəsinin icrasında “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın 6.3 və 6.4 bəndinə əməl olunmayıb: “Həmin bəndlərdə "Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi" və “Qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması" kimi bu demokratik və humanist ruhlu müddəalarına əməl olunmayıb. Bu cür layihələrin ictimai müzakirəsi keçirılmir. Təhsil sahəsində tanınan əksər ekspertlərlə əlaqə saxlamışam, onların heç biri ilə məsləhətləşmələr aparılmayıb".

Ekspert bildirdi ki, layihəni həyata keçirən “İnkişaf Elmi Mərkəzı"nin tərkibi kimlərdən və hansı mütəxəssis qruplarından ibarət olması da təhsil ictimaiyyətinə məlum deyil: “Layihənin uğuruna təminat varmı? Hansı standartlar üzərində təcrübə aparılır, hansı peşəkarların fikirləri öyrənilib və ya öyrənilir, bu da məlum deyil. Yaxud peşə standartlarının müəyyənləşdirilməsi üçün niyə məhz Azərbaycan dili və riyaziyyat müəllimləri nəzərdə tutulub?

Bu standartlar yalnız orta məktəb müəllimlərinə, yoxsa ali, ali-orta ixtisas, peşə və xüsusi təyinatlı məktəblər də nəzərə alınmaqla bütövlükdə müəllimlər ordusuna şamil ediləcək? Hazırlanacaq standartlar müəllimlərin hansı kompetensiyalarını inkişaf etdirəcək və ümumiyyətlə müəllimlərin konkret konkret kompetensiyaları işlənibmi?

Məlumat verilib ki, Azərbaycanda “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sisteminin yaradılması" nəzərdə tutulub. Amma konkret olaraq nəyin nəzərdə tutulması açıqlanmayıb. Yaxşı olardı ki, bu layihənin reallaşmasının təxmini müddətlərı də açıqlansın. Layihənin icrasında qoyulan bu məsələlər öz həllini tapsa, uğurlu nəticələrin əldə olunacağı şübhə doğurmur".

Sevil Hilalqızı


Müəllif: