21 Noyabr 2015 13:46
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələt-Masallı avtomobil yolunun yenidənqurulması işlərinə start veriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, qurum tərəfindən Ələt-Astara İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində, yaxın günlərdə Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad (km 80+600 – 110+700) hissəsinin yenidənqurulması işlərinə start veriləcək.

I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin uzunluğu 30,1 kilometrdir. 4 hərəkət (4x3,75 metr) zolağından ibarət olacaq avtomobil yolunda ayrıcı zolağın eni 4 metr təşkil edəcək.

Layihəyə uyğun olaraq yeni salınacaq yolun çiyinlərinin eni 2x3,75 metr ( 2x0,75m asfalt örtük, 2x3,0m hissəsi iki qat bituma hopdurulmuş qırmadaş) olmaqla yolun ümumi eninin 26,5 metr olması nəzərdə tutulub.

Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin torpaq geyiminin qalınlığı 96 santimetr təşkil edəcək. Bura 50 sm seçilmiş torpaq layı, 15 sm əsasın qırmadaş layı, 18 sm asfaltın birinci layı, 8 sm asfaltın ikinci (əlaqələndirici) layı və 5 sm üst aşınma layı daxildir.

Layihə üzrə yolda iki avtomobil körpüsünün tikintisi aparılacaq. Körpülərdən biri Ələt-Masallı avtomobil yolunun 99-cu kilometrliyində Muğanxolu çayı üzərində inşa ediləcək. 4 aşırımdan ibarət körpünün uzunluğu 130,6 metr olacaq. İkinci körpü yolun 110,8-ci kilometrliyində Cəlilabad yol qovşağında tikilməsi nəzərdə tutulub. Bu körpü isə 4 aşırımlı olmaqla uzunluğu 79 metr olacaq.

Bundan başqa, yol boyu 79 dairəvi borunun, 10 düzbucaqlı su borusunun və 6 düzbucaqlı alt keçidin inşasının aparılması planlaşdırılır.


Müəllif: