24 Noyabr 2015 18:21
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kosmik Agentliyi (NASA) Mars planetinə “Orion” pilotlu gəmisinin göndərilməsi məqsədilə istifadə ediləcək yeni ağır “SLS” raketdaşıyıcıları üçün mühərriklərin yaradılmasına dair "Aerojet Rocketdine” şirkəti ilə saziş imzalayıb.

Bu barədə Teleqraf.com Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

Agentliyin məlumatına görə, 2024-cü ilin sentyabrınadək qüvvədə olacaq sazişin məbləği 1,16 milyard dollar təşkil edir.

“SLS” raketdaşıyıcısı “Orion” pilotlu gəmisinin uzaq kosmosa, o cümlədən Ay ətrafında orbitə keçiriləcək asteroidə və son nəticədə Marsa göndərilməsi üçün dörd "RS-25” mühərrikindən istifadə edəcək. Vəsaitlərə qənaət məqsədilə “SLS” ilk dörd startını “Shuttle” kosmik gəmilərində istifadə edilən hazır mühərriklə həyata keçirəcək, lakin növbəti uçuşlar üçün "Aerojet Rocketdine” şirkəti onları modernləşdirəcək və güclərini artıracaq.

“NASA”nın sifarişi ilə yeni ağır raketdaşıyıcının hazırlanması ilə uzun illərdir "Boeing” şirkəti də məşğul olur. Raketdaşıyıcı müxtəlif modifikasiyalarda yaradılacaq və orbitə 70-130 ton ağırlığında yükləri çıxara biləcək. Mütəxəssislərin hesablamalarına görə, raketin bir buraxılışı 500 milyon dollara başa gələcək ki, bu da “Shuttle” gəmilərinin hər bir missiyasının dəyərindən 1,5 dəfə azdır.

TASS yazır ki, yeni raketdaşıyıcı və “Orion” gəmisi birlikdə uzaq kosmosa, o cümlədən Marsa pilotlu uçuşlar üçün çoxfunksiyalı inteqrasiya olunmuş sistem olacaq. İki ay əvvəl “NASA” “Orion” gəmisi ilə Marsa ilk pilotlu sınaq uçuşu 2023-cü ilin aprelində həyata keçirə biləcəyini bəyan edib. Bunadək - təxminın 2018-ci ildə “SLS” raketdaşıyıcısı ilə ilk dəfə gəminin buraxılması nəzərdə tutulur. “Orion” ilk sınaq uçuşunu “Delta IV” raketdaşıyıcısı vasitəsilə 2014-cü ilin dekabrında həyata keçirib.


Müəllif: