25 Noyabr 2015 15:50
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, tanınmış analitik Araz Aslanlının “Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri” kitabı Türkiyədə dərc olunub.

Teleqraf.com-un məlumatına görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə hazırlanıb və dərc edilib.

Kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin (Qarabağ probleminin) aktuallığı, işğalın ümumilikdə region üçün yaratdığı problemlər, münaqişənin həllinin vacibliyi və region üçün yaradacağı faydalar, Türkiyə-Ermənistan münasibətlərindəki mövcud vəziyyətin bu baxımdan əhəmiyyəti qısaca izah olunub. Kitab iki hissədən ibarətdir. Birinci hissədə xüsusilə Anadoluda və Cənubi Qafqazda “erməni məsələsi”nin ortaya çıxışı prosesinə, o cümlədən Qarabağ probleminin səbəblərinə və tarixinə qısaca toxunulub. Daha sonra problemin həlli ilə bağlı təşəbbüslər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, beynəlxalq təşkilatların işğal ilə bağlı qərarları izah edilib.

Kitabın ikinci hissəsində Türkiyə-Ermənistan münasibətlərinin yaxın tarixi və münasibətlərdəki əsas məqamlar qısaca izah edilib, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təşəbbüslərə toxunulub. Türkiyə-Ermənistan münasibətləri və sərhəd məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin Türkiyədə və beynəlxalq aləmdə daha düzgün anlaşılması üçün Azərbaycanın, Ermənistanın və bəzi xarici dövlətlərin tezisləri ayrı-ayrılıqda dəyərləndirilib. Hər bir hissənin sonunda o hissədəki əsas mövzu ilə bağlı başlıca arqumentlər və əks arqumentlər qeyd edilib.

Kitab ali məktəblər, araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Səxavət


Müəllif: