26 Noyabr 2015 22:50
3 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin qərargahında Koalisiyanın İdarə Heyətinin ilk iclası keçirilib. Iclasda təşkilati məsələlərə baxılıb, "İctimai Nəzarət Koalisiyası” İB sədrinin müavinləri, Nəzarət Təftiş Komissiyasının sədri və sektorlar üzrə rəhbərlər təyin edilib.

"İctimai Nəzarət Koalisiyası” İB-nin sədri Rasim Məmmədov çıxışında bildirib ki, son 12 ildə iqtisadiyyatımızın dinamik inkişafı, sosial rifahın durmadan artması, ölkəmizin daxili və xarici siyasətində qazanılan uğurlar bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi işıqlı gələcəyə aparan yeganə liderdir: "Cənab Prezident Nazirlər Kabinetinin 9 ayının sosial-inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı yekun nitqində korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı qəti mövqe nümayiş etdirib və yeni zamanda ictimai nəzarəti gücləndirməyin vacibliyini vurğulayıb. Dövlət başçısının irad və təkliflərini nəzərə alaraq dərhal "Sabitlik və İnkişaf Məkrəzi” İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Respublikamızın tanınmış ziyalılarının, iş adamlarının, kütləvi informasiya vasitələrinin, fiziki və hüquqi şəxslərin iştirakı ilə 01.10.2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində fövqəladə konfrans keçirilib. Konfrans iştirakçıları Azərbaycan Prezidenti ilə həmrəy olduqlarını və onun ətrafında sıx birləşəcəklərini coşqu ilə vurğulayıblar. Konfransda "İctimai Nəzarət Koalisiyası” İB-nin yaradılması təklif edilib və səsə qoyularaq yekdilliklə qəbul olunub”.

R.Məmmədov bildirib ki, "İctimai Nəzarət Koalisiyası” İB-nin ətrafında Ümummilli Lider Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevə, Azərbaycan xalqına, millətinə sadiq ziyalılarımız, iş adamları və digər vətənpərvər insanlar cəmləşib: "İctimai Nəzarət Koalisiyası” İB-nin məram və məqsədi müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılması, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. Konfransın keçirilməsi, məramı və məqsədi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb”.

İclasın sonunda "İctimai Nəzarət Koalisiyası” İB-nin sədri Rasim Məmmədov yeni təyin olunmuş vəzifə sahiblərinə və İdarə Heyətinin üzvlərinə bu çətin, lakin şərəfli işlərində müvəffəqiyyətlər diləyib, Azərbaycan xalqına isə işıqlı sabahlar, uğurlu gələcək və firavan həyat arzulayıb.


Müəllif: