28 Noyabr 2015 21:42
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmir Vəlizadə: “Azərbaycanda stabil internet yayımı mövcuddur”

Azərbaycanda noyabrın 20-dən dekabrın 20-dək keçirilən “Yüksək rabitə xidmətləri aylığı” çərçivəsində vətəndaşlara güzəştli şərtlərlə göstəriləcək rabitə xidmətlərinin siyahısı açıqlanıb.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, mənzilinə iki telefon çəkdirmək istəyən vətəndaşlara ikinci çəkiliş pulsuz həyata keçiriləcək: “Əgər təşkilatlar telefon çəkdirmək istəyirsə, 3 telefon xətti çəkiləcəyi halda, 1-i pulsuz çəkiləcək. Əlavə edim ki, vətəndaşlar simsiz CDMA telefon xətti ilə də ödənişsiz təmin olunacaqlar”.

Nazir müavini bildirib ki, internet istifadəçilərinə gəlincə, 1 meqabit üçün müqaviləsi olan istifadəçilər müraciət etdikləri halda, onların aldıqları internetin tutumu artırılacaq: “Bu, 2 meqabit internet tutumu alan istifadəçilərə də şamil edilir. Bundan əlavə, İP TV çəkilişi və digər xidmətlərin göstərildiyi zaman müəyyən ödənişlərin olmaması nəzərdə tutulur. Bu barədə vətəndaşlar poçt şöbələrinə, yaxud telekommunikasiya qovşaqlarına müraciət edərək ətraflı məlumat əldə edə bilərlər. Güman edirik ki, vətəndaşlar bu aydan səmərəli istifadə edəcəklər”.

Noyabrın 6-da Azərbaycanda internet kəsintisi ilə bağlı lazımi addımlar atıldığını bildirən Elmir Vəlizadənin sözlərinə görə, bu gün Azərbaycanda stabil internet yayımı mövcuddur: “Bütün işləri görülüb ki, bir daha belə hadisə baş verməsin. Aparılmış və davam edən işlər nəticəsində Azərbaycanda internet şəbəkəsinin dayanıqlığı, keyfiyyətli xidmətlərin göstərilməsi daha yüksək səviyyəyə qalxacaq, bir daha belə hallar baş verməyəcək”.

Nazirlik rəsmisi noyabrın 6-da “Delta-Telekom”da baş verən hadisənin araşdırılmasının başa çatdığını da açıqlayıb: “Araşdırmalar göstərdi ki, internet kəsintisi sırf texniki problemlə bağlı olub, hansısa qəsd, yaxud təxribat hadisəsi aşkarlanmayıb. Bunu birmənalı demək olar”.

Elmir Vəlizadə deyir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) telefon nömrəsi üzrə axtarış sistemindən 1,5 milyona yaxın istifadə sayı qeydə alınıb: “Nazirliyin elektron xidmətləri ölkə əhalisinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşır. Təsadüfi deyil ki, nazirlik oktyabrda elektron xidmətlərindən istifadə statistikasına görə bütün qurumlar arasında birinci olub.

RYTN-in ən aktual e-xidməti isə “Telefon nömrəsi üzrə axtarış” xidməti hesab olunur. Belə ki, 2013-cü ilin aprelində “Elektron hökumət” portalına (e-gov.az) əlavə edilən e-xidmətdən indiyədək 1418100 dəfə istifadə olunub. Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Elektron xidmət, həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir".

Məlumat üçün bildirək ki, Azərbaycanda noyabrın 20-dən dekabrın 20-dək “Yüksək rabitə xidmətləri aylığı” çərçivəsində vətəndaşlara güzəştli şərtlərlə rabitə xidmətləri göstəriləcək.

Sevil


Müəllif: