30 Noyabr 2015 17:51
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Qəhrəman Nadir Əliyevin döyüş yolundan bəhs edən “Vətən sevgisi” sənədli filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında istehsal olunan filmin rejissoru və ssenari müəllifi Günel Aqif, operatoru isə Yusif Səfiyevdir. Ekran əsərinin çəkilişləri Ağdam rayonunda və Bakı şəhərində aparılıb. Filmin təqdimatı da qəhrəmanın adını daşıyan Suraxanı rayonundakı 282 saylı məktəbdə baş tutub.

Təqdimat mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Qəhrəmanın yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Qeyd olunub ki, 1962- ci ilin 30 iyulunda Ağdamın Əliağalı kəndində anadan olan Nadir Əliyev müstəqilliyimizin ilk illərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi çalışıb. 1993- cü ilin yanvar ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə idarəsinin Ağdərə Rayon bölməsində baş əməliyyat müvəkkili təyin olunduqdan sonra da ərazimizdə gedən döyüşlərə biganə qala bilməyib. Ağdərə uğrunda döyüşlərin qızğın vaxtında rəhbərliyə müraciət edərək, MTN xüsusi təyinatlı dəstəsi tərkibində Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə rəşadət göstərib. Ağdərə və Ağdamın müxtəlif kəndlərindəki döyüşlərdə iştirak edib, bir neçə dəfə düşmən tərəfə keçərək lazımi kəşfiyyat məlumatları ilə geri qayıdıb. 1993- cü ilin 22 iyulunda Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən ağır döyüşdə Nadir Əliyev ermənilərə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına həlak olub. “Mən ölərəm, Ağdamsızlığa dözə bilmərəm” deyən Milli qəhrəmanımız son damla qanına kimi düşmənə təslim olmadı. Bir gün sonra isə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunub.

Qəhrəmanın oğlu Şəhriyar Əliyev, qardaşı Aftandil Əliyev, döyüş yoldaşları Nadir Əliyevlə bağlı xatirələrini bölüşüb, onun necə bir ailə başçısı olmasından, müsbət keyfiyyətlərindən danışıb, döyüşlərdəki igidliyindən söz açıblar.

Nərmin


Müəllif: