Dekabr ayının 19-da İsrailin Netanya şəhərindəki mədəniyyət evində məşhur Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilən təntənəli tədbir keçiriləcək.
Bunu Teleqraf.com-a açıqlamasında “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova deyib.
O bildirib ki, bir il öncə yaradılmış teatr truppası belə bir tədbir təşkil etməyi özünə şərəf bilir: “Rəşid Behbudov sözün həqiqi mənasında dünyada Azərbaycanın brendidir. Rəşid Behbudov Bolqarıstan, Macarıstan, İtaliya, Hindistan, Çin, Suriya, Türkiyə, Misir, İordaniya, İran, İraq, Finlandiya, Polşa və Latın Amerikası ölkələrində qastrol səfərlərində olub. Bütün bu ölkələrdə Rəşid Behbudov konsertlərini “Azərbaycan” mahnısı ilə başlayır və bu mahnı ilə başa çatdırırdı. Bu böyük Azərbaycan müğənnisi bənzərsiz və əlçatmaz sənətkar kimi yaşadı. Həqiqi artistizm, lirizm, Tanrı vergisi olan bənzərsiz səsinə görə Rəşid Behbudovun tayı-bərabəri yox idi. Mən böyük müğənninin canlı ifasını dinləyən insanlar arasında olmuşam və bunu heç vaxt unutmaram. Ona görə ki, həyatım boyu ona bərabər müğənni görməmişəm və artıq görməyəcəyəm. Rəşid Behbudov şöhrətin zirvəsində ikən qəflətən və gözlənilmədən dünyasını dəyişdi, onu sevənlərin qəlbində əsl vətənpərvər kimi qaldı. Məhz bu səbəbdən bizim İsrail-Azərbaycan truppası Rəşid Behbudova həsr edilmiş bayram gecəsi keçirməyi özünə borc və şərəf bilir”.
Nərmin