Müstəqil Azərbaycanın şanlı tarixini əks etdirən nadir nümunələr - qəzet, jurnal, fotolar, gizlin məktublar, yaxa sancaqları və 30-cu illərdən yadigar qalan qürur yerimiz olan üçrəngli bayrağımız…
Masa üzərinə düzülən və hər birimizin maraqla izlədiyimiz bu nadir eksponatlar “Teleqraf” MMC-də təşkil edilən sərgidə nümayiş olundu. “Teleqraf” qəzetinin redaktoru, gənc yazar Dilqəm Əhmədin üç il ərzində topladığı nümumələrdən ibarət sərgi baxanları qürurlandırdı. Axı Dilqəmin masaya düzdüyü fotolar Azərbaycan tarixinin ən şərəfli səhifələrini əks etdirirdi…
Maraqlısı odur ki, sərginin müəllifi bu təqvimdə doğum gününü qeyd edir. Özü də necə? İş yerindəki bir otaqda zəhmətinin, həvəsinin nəticələrini, qürur mənbəyinin fotolarını sərgiləyərək. Bu subay, cavan oğlan doğulduğu günü tay-tuşları kimi restoranda dost-tanışla, ya da sevdiyi qızla deyil, Məmməd Əminin, Cümhuriyyət liderlərinin fotoları arasında qeyd etdi. Halından da çox məmnundur. Niyə də olmasın. Son qəpiyini də verib, Cümhuriyyət illərinə aid olan nadir eksponatlar toplayıb. Hansı ki, həmin nümunələrdən ötrü burdan Türkiyəyə qədər gedib çıxıb. Əlində elə fotolar var ki, ondan heç Luvr muzeyində də yoxdur.
Bir sözlə, həyata gəldiyi günü təntənəli qeyd etməyi ağlına da gətirməyən yazar dostumuz, sözün əsl mənasında, sürprizlə qarşılaşdı. Özü də bir yox…
Sən demə, bu sərgi özü də yazara sürpriz olub. Sürprizin müəllifi isə “Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızıdır. İşçilərinə qarşı həmişə diqqəti ilə seçilən tanınmış jurnalist bu dəfə də ənənəsinə sadiq qaldı. Yazara öz fotosərgisini sürpriz etdi.
Dilqəmin dediyinə görə, özünün sərvəti saydığı bu nadir eksponatlar onun arxivinin yarısının yarısıdır, çox hissəsini gətirə bilməyib. “Xəzinə”sindən həvəslə danışan həmkarıma baxdıqca ürəyimdən bir fikir keçdi: Deyəsən, Dilqəmdən varlı oğlan yoxmuş… Yeri gəlmişkən, Dilqəm bu “xəzinə”yə görə nə az, nə çox, düz beş min manatından keçməli olub.
“Bu pula əla bir toy da çaldırmaq olardı”- həmkarları ona söz atdıqca, Dilqəm də rəng verib, rəng aldı. Bizim utancaq oğlan bu xoş arzulara dodaqaltı qımışaraq, “Elə buna görə subay qalmışam da, hansı qız bu xasiyyətimə görə mənə ərə gələr”, - dedi.
Minnətləri olsun… Amma zarafat bir yana, Dilqəm doğrudan da hamıdan varlıdır. İndi özünüz fiikrləşin, Məmməd Əmin Rəsulzadənin heç yerdə olmayan nadir fotosu kimdə var? Əlbəttə, heç kimdə. Eləcə də, digər nadir məktublar və dərgilər.
Aynur Camalqızı elə bil ürəyimdən xəbər verdi: “Biz də səninlə qürur duyuruq, Dilqəm, sən yaxşı işçi olmaqla bərabər, Vətənini sevən əsl vətənpərvər, həm də səmimi dostsan”.
Yeri gəlmişkən, Aynur Camalqızının növbəti sürprizindən sonra Dilqəmin uçmağa qanadı olmadı. Eksponatlarını saxlamağa yer tapmadığını deyən yazarı öz təklifi ilə xoşbəxt etdi: “Otaqlardan birini sənə veririk, xəzinəni gətirib yerləşdirə bilərsən”.
Daha nə istəyirsən, ay Dilqəm? Sərvətinə yer də tapdın!
Axırda da onun 30 illik tortunu kəsib ağzımızı şirin elədik!
Cəvahir Səlimqızı
Foto: Elçin Murad