5 İyun 2014 12:33
2 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev ərəbşünas alim İdris Abbasovun onu plagiatlıqda suçlamasına münasibət bildirib.

Akademikin Teleqraf.com-a açıqlaması qısa olub: “İdris Abbasov kimdir ki, durub ona cavab verim? İşim gücüm qurtarıb, İdrisə cavab verəsiyəm? Nə deyir, desin. İdris tayım-tuşumdur bəyəm? O da gərək adı çıxmaq üçün bir şey eləsin”.

Qeyd edək ki, İdris Abbasov modern.az saytına deyib ki, Vasim Məmmədəliyev “Ərəb dilçiliyi” dərsliyində Misir və İraq ərəbşünaslarından faydalandığını əksər məqamlarda istinadla göstərməyib.
O, fikirlərini faktlarla əsaslandırmağa çalışıb. Bildirib ki, Azərbaycanda nəşr olunan “Ərəb dilçiliyi” kitabı, əsasən, Misir Ərəb dili Akademiyasının sabiq prezidenti Şövqi Zeyfin “Əl-Mədarisu-n-nəhvıyyə” (Qrammatika məktəbləri) və məşhur Bağdad dilçisi Ənbarinin “əl-İnsaf” əsərinin adda-budda, sistemsiz, bəzən məna kəsb etməyən yarımçıq tərcümələri əsasında ortaya qoyulub: “Əksər hallarda mənbələrin “özəlləşdirilməsi”, yaxud yanlış mənbələr göstərilməsi kitabın başlıca naqis cəhətlərindəndir. Vasim Məmmədəliyev kitabın sonunda müxtəlif dillərdə 239 ədəbiyyat siyahısı göstərsə də, bu bir işə yaramayıb, hətta sadalanan ədəbiyyatdan 49-nun bəzilərinin nəşr ili, bəzilərinin isə nə nəşr ili, nə də nəşr olunduğu yer göstərilib”.

Nərgiz


Müəllif: