4 Dekabr 2015 18:39
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün jurnalist, publisist, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmlinin 60 illik yubileyi və “Ömür bitər, yol bitməz…”, “ Oyuncaq” kitablarının təqdimatı ilə bağlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov yubiliyarı təbrik edib, onun kitablarından birinin bədii düşüncələrindən doğan, digərinin isə publisistik məqalələrdən ibarət olduğunu deyib: “Zemfira xanımı jurnalist kimi tanımışam, o, hər zaman seçilən jurnalistlərdən olub. Ali məktəbi bitirəndən o dövrün qabaqcıl mətbuat orqanlarında çalışıb. Biz həmin dövrdən onun yazılarını böyük maraqla oxuyuruq. 1991-ci ildən o, Qarabağa yollandı, müxtəlif qəzetlərdə onun cəbhə bölgəsindən hazırlanan yazıları dərc olunurdu. O illərlə bağlı materialları bir neçə kitabda toplanıb. Mətbuat Şurası olaraq onun bu illərdəki fəaliyyətini nəzərə alıb Zemfira xanımı diplomla təltif etmək qərarı vermişik”.

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov Zemfira xanımın dövrünün ən qabaqcıl jurnalistlərinin məktəbini keçdiyini və onun bütün yaradıcılığında bu məktəblərin izinin hiss olunduğunu deyib: “Belə fikirlər var ki, hər kəs yazıçı ola bilər, ancaq jurnalistlər yox. Amma bu fikirlə razılaşmıram. Zemfira xanım da bu iki peşəni bacara bilən şəxslərdəndir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Zemfira xanımın yalnız publisist kimi deyil, həm də hazırki vəzifəsində də hər zaman öndə olduğunu deyib: “Mətbuat xidmətinin rəhbəri olaraq da informasiyaların daha çevik ötürülməsində seçilir. Bu, onun jurnalistikaya peşəkar yanaşmasından asılıdır. O, yazılarındakı dil, üslub, xüsusi enerji ilə digər yazarlardan fərqlənir. Onun yazılarını fərqləndirən digər məqam faktlarla zəngin olmasıdır. Azərbaycan jurnalistika tarixi ilə bağlı ikinci nəşr kitabı yazanda onun məqalələrindən bəhrələnmişəm”.

Digər çıxış edənlər də Zemfira Məhərrəmlinin jurnalist kimi fəaliyyətindən danışıb, onun Qarabağ qadınları, döyüşçüləri haqqında yazdığı məqalələrin 20 ildən çoxdur aktuallığını qoruduğunu, bundan sonra neçə-neçə 20 illiklər boyu da qoruyacağını deyiblər.

Sonda çıxış edən Zemfira Məhərrəmli tədbirdə iştirak edənlərin hər birinə minnətdarlığını bildirib.

Gülxar
Fotolar: Elçin


Müəllif: