7 Dekabr 2015 18:41
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nadir Şah Əfşar” mövzusunda konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Nadir şah Əfşar” mövzusunda konfrans keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun Teleqraf.com-a verdiyi xəbərə görə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. Azərbaycanın 5 min illik dövlətçilik tarixindən danışan natiq bu xalqın dövlətçilik ənənələri və imperiya yaratmaq mədəniyyətinin qədim və zəngin olduğunu deyib: “Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıblar”.

Tarixçi-alim Əfşarlar imperiyasının banisi Nadir şah Əfşar haqqında konfrans iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Əfşarlar imperiyası Səfəvilərin davamıdır: “Tarixdə 3 hökmdar – Makedoniyalı İsgəndər, Əmir Teymur və Nadir şah Əfşar Hindistanı asılı vəziyyətə sala bilib. Nadir şah məzhəb ayrı-seçkiliyinə son qoymağa çalışıb”.

Yaqub Mahmudovu sözlərinə görə, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur: “Azərbaycan xalqı imperiyalar yaradan xalqdır”.

Nadir şah Əfşara həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Mustafazadə, Camal Mustafayev, Mehman Süleymanov, Güntəkin Nəcəfli, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məktəb direktoru Nasim Abışov və kompleksin tarix müəllimi Leyla Hüseynova çıxış ediblər.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinin iştirakı ilə Nadir şaha həsr olunmuş “Şətrənc” adlı tamaşa da göstərilib. Tamaşa konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər