10 Dekabr 2015 17:28
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Xəzər dənizində baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısına toplaşan gənclər “Günəşli” yatağının 10-cu platformasında yaşanan faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı Gürcüstandakı soydaşlarımız adından həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə isə şəfa arzulayıb. Əllərində Azərbaycan bayrağı, “Başın sağ olsun, Azərbaycan!”, “Azərbaycan üçün dua et!” şüarları tutan tələbələr SOCAR-ın binası önünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.

Dekabrın 4-də Xəzər dənizindəki “Günəşli” yatağının 10-cu dərin özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi Almaniyada yaşayan soydaşlarımız tərəfindən də anılıb. Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Azərbaycan Evi” və digər diaspor təşkilatlarının təşəbbüsü ilə soydaşlarımız Azərbaycanın Almaniyadakı səfirliyi qarşısına toplaşıb. Onlar səfirliyin binası qarşısına güllər düzüb, faciədə həlak olan neftçilərin xatirəsinə şam yandırıblar. Soydaşlarımız faciə qurbanlarının ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzu ediblər.

Səxavət


Müəllif: