“Nobel mükafatımı bu gün alıb bazar ertəsi Türkiyəyə gedirəm. Onu Atatürkə ithaf edəcəyəm”. Bu sözləri türk əsilli Amerika alimi Aziz Sancar ötən gün Twitter üzərindən paylaşıb.
Aziz Sancar 2015-ci il üzrə Nobel kimya ödülünə dəri xərçənginin müalicəsi üzrə etdiyi kəşfinə görə layiq görülüb. Dekabrın 10-da Stokholmda, Kral Akademiyasında keçirilən mərasimdə mükafatını professor Aziz Sancara İsveç Kralı XVI Qustav təqdim edib. Mükafatın təqdimetmə mərasimindən bir neçə saat sonra prezident Rəcəb Tayyib Ərdoğan Sancarı Türkiyəyə dəvət edib. Professor öz qrafikinə dəyişiklik edərək, Türkiyəyə getməyi qərara alıb. Bazar ertəsi Türkiyədə olacaq professor Sancarla prezident Ərdoğanın görüşü çərşənbə axşamına planlaşdırılıb.
Mardində doğulan, ilk təhsilini orada alan, daha sonra İstanbul Universitetinin tibb fakültəsini bitirən Aziz Sancar bir müddət doğma məmləkətində həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün öncə Avropaya, daha sonra isə Amerikaya gedib.
İndi Quzey Korolina Universitetinin biokimya və biofizika professorudur. Həyat yoldaşı Qvin Sancar da onunla eyni kafedrada çalışır.
Aziz Sancarın doğulduğu Mardin bölgəsi etnik tərkibinə görə Türkiyənin ən qarışıq bölgələrindən sayılır. İsveç Kral Akademiyası Sancarın Nobel ödünə layiq görülməsi haqqında açıqlama verdikdən sonra BBC ondan müsahibə almış, müxbirin ilk sualı – “siz türküsünüz, yoxsa ərəb”, - olmuşdu. Sualı bəyənməyən professor Sancarın cavabı Türkiyə sevdalılarını duyğulandırmışdı:“Mən türkəm. Belə hiss edirəm. Məni Türkiyə yetişdirib. Türkiyə mənim məmləkətimdir. Bu mükafatı da Türkiyəyə borcluyam”.
****
Aziz Sancar elmi uğurları ilə bərabər, Türkiyə sevdası ilə tanınır. Ödülün təqdim edilməsi mərasimdəki çıxışında alim uğurlarına görə Türkiyəyə təşəkkür edib: “Ölkəm üçün bu qədər önəmli olduğunu bilsəydim, ikiqat çalışar, ödülü 20 il öncə qazanardım. Ümid edirəm ki, türk gəclərinə örnək ola biləcəyəm. Çox istəyirəm ki, türk gəcləri də Nobel mükafatını qazanmaq üçün böyük elmi uğurlar əldə etsinlər. Böyük türk millətinə və qardaşlarıma sevgilərimi göndərirəm. Mən ölkəm haqqında ən çox düşündürən siyasi qovğalardır. Ümid edirəm ki, dartışmalardan əl çəkib ölkəni inkişaf etdirəcəklər”.
Mərasimdən 1 gün öncə isə alim Stokholm Universitetində mühazirə söyləyib. Aziz Sancarın mühazirəyə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün nişanı və türk bayrağı olan pencək geyinib, üzərində Osmanlı tuğla olan qalstuk taxaraq, qatılıb. Tuğla Osmanlı padşahlarının möhür kimi işlətdiyi imzaya deyilir.
Alimin mühazirədən sonra yayılan fotoları sosial şəbəkədə geniş müzakirə olunub, onun öz ölkəsinə və dövlətinə göstərdiyi sayğı haqqında saysız təqdir mesajları yazıb. Ən çox bəyənilən mesajlardan biri “Aziz xoca məmləkətin də kimyasını çözüb”, mesajı olub.
20 ilə yaxındır Quzey Karolinada yaşayan Sancarların bir zamanlar ən böyük arzusu Türk Evi yaratmaq imiş. Aziz Sancar bir neçə il öncə aldığı “Vehbi Koç” ödülünü də bu iş üçün sərf edib, yaşadıqları evi Türk Mədəniyyəti Mərkəzinə çeviriblər. Burada onlar tələbələrə məsləhətlər verir, bəzi tələbələr orada yaşayır. Türk Evi həm də bölgədəki türklərin illərdir milli və dini bayramları qutladığı mərkəzdir.
Aziz Sancarın sonrakı müsahibələrində də vurğu Türkiyə üzərindədir: “Mənim üçün dünyada Türkiyə sevgisindən artıq heç bir şey yoxdur. Türkiyəni amerikalılara tanıtmaq çox önəmlidir. Çünki onların çoxu heç bir türkü tanımır. Amerikada mənə hər cür yaşamaq şəraiti yaradılıb, ancaq könlümdə Türkiyədir. Evimdə Türkiyə bayrağı, Atatürkün, Fateh Sultan Mehmetin portretləri var. Onlar bizim varlığımız, türklüyümüzdür. Bunlar bizi təmsil edən simgələrdir. Ona görə də önəmlidir. Bizim yaratdığımız Türk Evinə gələn gənc alimlərə, uzmanlara yardımımız dəyirsə, bizim üçün ən böyük mükafat budur. Son 20 ildə 15-20 alim yetişdirmişəm. Düşünürəm ki, elmə əsl xidmətim budur”.
Professor Sancar son çıxışlarından birində xaricdə elmi işlə məşğul olan türk alimlərə də səslənib: “Heç zaman milli kimliklərini unutmasınlar. Türkiyənin min illik tarixi var. Biz dövlətimizlə qürur duyuruq, o bizim varlığımızın ən qiymətli parçasıdır. Mən bu düşüncə ilə yetişmişəm, bu yöndə hərəkət etmişəm”.
musavat.com