Azərbaycanla Türkmənistan arasında münasibətlər qədim və zəngin tarixə malikdir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistanın paytaxtı Aşqabadda “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O.Əsədov əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqlarını bir çox ortaq dəyərlər birləşdirir: "Bunlar, ilk növbədə, bizim eyni köklərə bağlı olmağımızdır. Mədəniyyətimiz və mənəviyyatımızdır. Bütün tarix boyu xalqlarımız bir-birinə qardaşlıq münasibətləri bəsləyib. Ötən əsrin sonlarından, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə geniş şərait yaradılıb".
Milli Məclisin sədri bildirib ki, Avropa ilə Asiyanın qovşağında yerləşən ölkələrimiz müxtəlifv sahələrdə səmərəli əməkdaşlıq edir: "Dövlət başçılarının fəal siyasi təmasları Azərbaycan-Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. Bizim ölkələrimiz bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensiala malikdirlər. Biz dünyanın iki böyük regionunu Xəzər dənizi vasitəsilə birləşdirən bir ərazidə yerləşirik. Bizim marağımızda birlik və həmrəylik nə qədər möhkəm, əməkdaşlıq və tərəfdaşlıq nə qədər dərin olarsa, bu regionda sülh, sabitlik və inkişaf da bir o qədər möhkəm olar".