Prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Rzayevin vəfatı ilə əlaqadar nekroloq imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, nekroloqda deyilir: "Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev 2015-ci il dekabrın 14-də ömrünün 86-cı ilində vəfat etmişdir.
Azər Rzayev 1930-cu il iyul ayının 15-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbini bitirdikdən sonra o, 1948–1953-cü illərdə konservatoriyada bəstəkarlıq və ifaçılıq ixtisasları üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində müəllim kimi başlayan Azər Rzayev 1956-cı ilədək konsertmeyster-müşayiətçi olaraq çalışmış, 1957-ci ildən isə taleyini indiki Bakı Musiqi Akademiyası ilə bağlayaraq burada ömrünün sonunadək müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir.
1958–1960-cı illərdə Azərbaycan Nazirlər Soveti yanında radio və televiziya komitəsində səs rejissoru, 1965-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olan Azər Rzayev eyni zamanda, 1960–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir.
Azər Rzayev 1972–1988-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini tutmuşdur. Opera və Balet Teatrının tarixində həmin illər Üzeyir Hacıbəylinin operalarının yeni quruluşda səhnələşdirilməsi, yeni əsərlərin işıq üzü görməsi və teatrın kollektivinə çox sayda gənc istedadın cəlb olunması ilə əlamətdardır.
1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edən Azər Rzayev respublikada gənc ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməmiş, gələcəyin peşəkar musiqiçi kadrlarının formalaşdırılması işinə sanballı töhfələr vermişdir.
Müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Azər Rzayev Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirən, geniş yaradıcılıq diapazonuna malik sənətkarlardandır. Dərin milli ruh, muğamlara bağlılıq, yüksək melodizm və janr əlvanlığı onun yaradıcılığının özünəməxsus keyfiyyətləridir. Altmış ilə yaxın bir müddət ərzində o, yorulmadan çalışaraq qiymətli əsərlər meydana gətirmişdir. Azər Rzayev simfonik orkestr üçün poemaların, konsertlərin, sonata və kamera-instrumental əsərlərin müəllifi kimi şöhrət tapmışdır. Mahnı janrındakı əsərləri bəstəkarın irsində xüsusi yer tutur. Kinofilmlərə və müxtəlif dram tamaşalarına onun yazdığı musiqilər sənətsevərlərin rəğbətini qazanmışdır. Azər Rzayevin “Bakı–90” simfoniyası Qanlı Yanvar şəhidlərinə həsr edilmiş qiymətli əsərlər sırasındadır. Sənətkarın bir çox əsərləri ölkənin hüdudlarından kənarda da bu gün uğurla ifa olunur.
Azərbaycan radio və televiziyasında uzun illər ərzində müxtəlif musiqi janrlarına dair silsilə verilişlərin aparıcısı olmuş Azər Rzayevin milli və klassik musiqinin təbliğində mühüm xidmətləri vardır.
Azərbaycanın müasir musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və tanıdılmasında Azər Rzayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. Musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra mükafatlar qazanmış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Tanınmış bəstəkar, mahir pedaqoq və səmimi insan Azər Hüseyn oğlu Rzayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Oqtay Zülfüqarov
Tofiq Bakıxanov
Musa Mirzəyev
Xəyyam Mirzəzadə
Ramiz Zöhrabov
Qeyd edək ki, mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il dekabrın 15-də saat 13.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq.