5 İyun 2014 23:00
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Belarusdan fərqli olaraq Azərbaycan Avropa Birliyi ilə azad ticarət danışıqları aparmağa potensial namizəd ölkədir”.


Bunu Kiyevdə “Avropa Birliyi Şərq Tərəfdaşlığı Ölkələrində inkişafa və tərəqqiyə necə yardım etməli?” mövzusunda keçirilən tədbirdə həmin tədbirin yeganə azərbaycanlı spikeri, iqtisadçı alim Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun həmsədri Vüqar Bayramov “Azərbaycan və Avropa Birliyi arasında iqtisadi inteqrasiya: çağırışlar və perspektivlər” mövzusunda çıxış edərkən deyib:


“Ermənistan və Belarusdan fərqli olaraq Azərbaycan Avropa Birliyi ilə azad ticarət danışıqları aparmağa potensial namizəd ölkədir. Sözügedən iki dövlətdən fərqli olaraq Azərbaycan Rusiya ilə Gömrük İttifaqı anlaşmasına imza atmayıb və praktik olaraq, Avropa Birliyi ilə iqtisadi inteqrasiya danışıqlarını davam etdirir. Ölkənin xarici ticarət dövriyyəsinin yarıdan çoxu Avropa Birliyinin payına düşür. Azərbaycanda iqtisadiyyatın elektronlaşması ölkə standartlarını Avropa Birliyi standartlarına yaxınlaşmasına yardım edib. “Asan Xidmət” elektron xidmətin göstərilməsi sahəsində regionda ən yaxşı model kimi qiymətləndirir. Bununla yanaşı, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinin sürətləndirilməsi olduqca vacibdir. ÜTT üzvlüyü Azərbaycana Avropa Birliyi ilə azad ticarət danışıqlara başlamaq üçün əsas şərtdir. ÜTT üzvlüyü eyni zamanda iqtisadiyyatı diverfikasiyası və qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımdan da əhəmiyyətlidir”.


Azərbaycanlı alim eyni zamanda Avropa Birliyinin də Azərbaycanı fəal dəstəkləməsinin vacibliyini bildirib:


“Birlik ÜTT məsələsində Azərbaycana yardım etməli və ölkəmizdə iqtisadi proqramlarının sayının artırmaqla kiçik sahibkarlığın dəstəklənməsi layihələrinin icrasına başlamalıdır”.


Xatırladaq ki, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Birliyinin dəstəyi ilə “Avropa Birliyi Şərq Tərəfdaşlığı Ölkələrində inkişafa və tərəqqiyə necə yardım etməli?” mövzusunda yüksək səviyyəli 2 günlük konfrans öz işinə başlayıb. Tədbirin əsas təşkilatçıları məşhur Stokholm İqtisadiyyat İnstitutu ilə Kiyev İqtisad Məktəbidir. Avropa Birliyi rəsmiləri və eləcə də Ukrayna, Gürcüstan və Moldova da daxil olmaqla sözügedən qitənin bir sıra ölkələrini təmsil edən dövlət adamları regiondakı son vəziyyət və çıxış yolları haqda çıxışlar ediblər. Konfransın bugünkü panelləri daha çox Şərqi Tərəfdaşlıq Ölkələrinin Avropa Birliyi ilə əlaqələrinə həsr edilib.


Müəllif: