15 Dekabr 2015 15:07
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdris İsayev: “Cins nisbətinin pozulmasının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” mövzusunda tədbir keçirilib. Tədbirdə ayrı-ayrı hökumət qurumlarının, BMT-nin Əhali Fondunun, Türkiyənin Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun nümayəndələri iştirak edib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev cəmiyyətdə sosial-iqtisadi proseslərlə demoqrafik proseslərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu, demoqrafiya sahəsində siyasətin hər bir dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb: “Bu siyasətin başlıca məqsədi demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, əhalinin davamlı nəsil artırma prosesini təmin edən şəraitin yaradılmasına nail olmaqdır. Müasir dünyada demoqrafik dəyişikliklər dövlətlərin daxili və xarici siyasətinə daha çox təsir göstərməklə, bir çox problemlərin qoyuluşuna və həllinə demoqrafik aspektdən yanaşılmasını tələb edir. Bu baxımdan ölkəmizdəki demoqrafik vəziyyəti düzgün qiymətləndirmək, ona dünya miqyasında baş vermiş demoqrafik dəyişikliklər fonunda yanaşmaq və təhlil etmək vacibdir”.

İdris İsayev bildirib ki, ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramı xüsusi yer tutur: “Həmin beynəlxalq konfransda Ümummilli liderimiz Heydər Əliyev də iştirak edərək, tədbirdə müzakirə olunan məsələlərin Azərbaycan üçün də son dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb”. Nazir müavini Qahirə konfransında qəbul edilmiş qərarların ölkəmiz tərəfindən uğurla icra edildiyini, Şərqi Avropa və MDB məkanında ilk dəfə Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyasının, 2004-cü ildə isə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edildiyini diqqətə çatdırıb.

İdris İsayev Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunmasının ölkədə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzadılmasına, müsbət miqrasiya saldosuna imkan yaratdığını vurğulayıb: “Son 12 il ərzində ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il 1 sentyabr tarixinə 9 milyon 666 min nəfər təşkil edib. Təbii artım əmsalı 1,3 olub, hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nәfәrә düşən ölüm səviyyəsi isə 6,0 nəfərdən 5,9 nəfərədək azalıb”.

Nazir müavini Azərbaycansa əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil etdiyini bildirərək bu göstəricinin ümumdünya göstəricisindən fərqli olduğunu qeyd edib. O bildirib ki, hazırda dünya əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar təşkil edir. Dünya əhalinin cins strukturunun kişilərin xeyrinə dəyişməsinin əsas səbəbi Çin və Hindistanın əhalisinin cins strukturunda kişilərin üstünlük təşkil etməsidir. Belə ki, bu ölkələrdə əhalinin təqribən 52 faizi kişilərdir. Həmin ölkələrin əhalisinin dünya əhalisinin 36 faizdən çoxunu təşkil etməsi ümumdünya göstəricinə öz təsirini göstərmişdir. Çində hər 100 doğulan qıza 120, Hindistanda isə 108 oğlan düşür. Bu göstəricilər əhali arasında doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə pozulması halı kimi qiymətləndirilir.

Nazir müavini vurğulayıb ki, ölkəmizdə də diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır”.


Doğulanların cins nisbətinin pozulmasının ümumi əhalinin cins strukturunu da dəyişdiyini qeyd edən nazir müavini nəzərə çatdırıb ki, əhalinin siyahıya alınması üzrə məlumatlara əsasən, 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür: “Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

İdris İsayev əlavə edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunub: “Dövlət Proqramının 2025-ci ilə qədər əhatə edəcəyi dövrdə ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də ayrıca bölmə kimi xüsusi yer ayrılıb”. Nazir müavini ölkədə demoqrafik siyasətin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirildiyini qeyd edib: “Bu əməkdaşlıq nəticəsində BMT-nin Əhali Fondunun təşəbbüsü ilə Hacettepe Universitetinin mütəxəssisləri doğulanlar arasında cins nisbətinin inkişafının müxtəlif ssenarilər əsasında demoqrafik proqnozlarını hazırlayıblar”.

İdris İsayev doğulanlar arasında cins nisbətinin pozulması nəticəsində ölkənin demoqrafik vəziyyətində, əhalinin cins strukturunda baş verən dəyişikliklər, bu dəyişikliklərin perspektiv meyllərə təsiri və s. məsələlərin bu tədbirdə geniş müzakirə olunacağını, müzakirələrin nəticələrinin milli səviyyədə demoqrafik məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Dövlət Statistika Komitəsinin şöbə müdiri Rza Allahverdiyev, Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini Təhminə Tağızadə doğulanlar arasında cins nisbətinin pozulması meyllərinin gələcəkdə demoqrafik proseslərin sabit şəraitdə davam etməsinə mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Onlar belə müzakirələrin və əhali arasında müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasının əhəmiyyətini qeyd ediblər. Daha sonra Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun professorları İsmet Koç və Mehmet Ali Eryurt tərəfindən doğulanlar arasında cins nisbətinin inkişafının müxtəlif ssenarilər əsasında demoqrafik proqnozları təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.

Müzakirələrdə doğulanlar arasında cins nisbətinin pozulması hallarının qarşısının alınması məqsədi ilə hazırlanacaq Fəaliyyət Planında abort siyasətinə yenidən baxılması, hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda abortlara məhdudiyyətlərin qoyulması, həkimlərin məsuliyyətinin artırılması, bu sahədə qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması, qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması, qadınların ictimaiyyətdə rolunun artırılması, onların kişilərdən iqtisadi asılılığının azaldılması, onların məşğulluğunun artırılması, sosial və iqtisadi mövqelərinin gücləndirilməsi, gender üzrə intensiv maariləndirmə proqramlarının tətbiq edilməsi istiqamətində tədbirlərin nəzərdə tutulmasını zəruriliyi bildirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər