Metroda ventilyasiya qurğularının təkmilləşdirilməsilə sərnişinlər üçün daha rahat şəraitin yaradılması, eləcə də onların təhlükəsizliyinin etibarlığının artırılması aktuallığını heç vaxt itirmir. Son illər tunel ventilyasiya sistemlərinin müasirləşməsi sahəsində yeniliklərin tətbiqi intensivləşdirilib.
Bu barədə Teleqraf.com-a Bakı Metropliteninin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xüsusən istismar müddəti başa çatmaqda olan ventilyatorların daha güclüləri ilə əvəzlənməsi və ya modernləşdirilməsi prosesi sürətləndirilib.
Bu ilin planına uyğun olaraq “Gənclik” və “Nərimanov” stansiyalarında metropolitenin istismara verildiyi günlərdən istifadədə olan ventilyatorlar sökülərək, əvəzinə Almaniya istehsalı olan LTL TA tipli müasir analoqları qoyulub. Bu qurğular metropolitendə son illərdə tətbiq edilir. “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, həmçinin yeni xəttin istismara veriləcək “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında da bu avadanlıqlar quraşdırılıb.
Əvvəlkilərlə müqayisə etdikdə, bu avadanlıqlar gücünə, məhsuldarlığına, texniki qulluq parametrlərinə görə, həcminin daha kiçik və münasib olması ilə fərqlənir. Qayışlı hərəkət ötürücüsünün əvəzinə dişli çarxdan istifadə olunması, mühərrikin gücünün xeyli artıq olması hava axınının tənzimlənməsində xüsusi rol oynayır.
Ötən günlərdə istismara verilmiş ventilyatorların normal iş rejimində çalışması təmin edilib. Qarşıdakı dövrdə Rusiyadan alınmış daha 6 yeni ventilyatorun quraşdırılması və bir o qədər də rotor qrupunun dəyişdirilməsi nəzərdə tutulur. Bu tədbirlərlə yeraltı yollarımızda ventilyasiya sisteminin təkmilləşməsi sahəsində daha bir mühüm mərhələ geridə qalacaq.
Naibə QURABNOVA