22 Dekabr 2015 21:08
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycana səfəri çərçivəsində dekabrın 22-də Heydər Əliyev Mərkəzində olub.

Trend-in məlumatına görə, İsmayıl Qəhrəmana Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.

İsmayıl Qəhrəman Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi təşkil olunarkən burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həm də Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

Qonaq Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Sərgidə Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim edilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Daha sonra qonaq Mərkəzin “Auditorium” zalı ilə tanış olub.

Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Qonağa xatirə hədiyyəsi təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər