6 İyun 2014 13:50
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin noyabrında ölkə başçısı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi ilə bağlı sərəncam imzaladı.

Sərəncamda xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi üçün AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların qarşısında vəzifə qoyulub.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və M.Ə.Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu sərəncamın verilməsini müsbət qiymətləndirsələr də, icrasının qənaətbaxəş olmaması fikrindədirlər.

Gənclər Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup Əminsevər 28 May - Respublika günündə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada Asrı qəbristanlığında dəfn olunan Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi. Tədbirə “Gündəlik Teleqraf” qəzeti olaraq biz də qatıldıq. Səfər təəssüratlarımızı oxucularla da bölüşürük.

Qırmızı körpü niyə keçməz olur?

Avtobusla 60 nəfərdən ibarət qrup mayın 26-da yola düşdü. Qeyd edim ki, Qazax rayonunda Qırmızı körpüdən Gürcüstan sərhədinə keçəndə ənənəvi olaraq bizim də çətinliklərimiz oldu. Gedərkən 2 saat, qayıdarkən 3 saat keçid məntəqəsində yağışla baş-başa qaldıq. Qırmızı körpüdən Ankaraya - başkəndə çatanadək yol boyu bizi bir tərəfdən Qaradəniz, bir tərəfdən isə yaşıllığa bürünmüş dağlar, yaşıllıq içində olan şəhərlər, ilçələr, evlər əhatə etdi.

Evlər hasarsız, pəncərələr barmaqlıqsız...

Qrupumuzun üzvü əslən Qərbi Azərbaycanın Amasiya rayonundan olan Xanım Mirzə Ankaraya çatanda “bura mənə İrəvan şəhərini xatırlatdı”, deyə göz yaşlarını saxlaya bilmədi. Diqqətimizi ən çox cəlb edən isə evlərin hasarsız olması idi, hətta bir qatlı evlərin əlçatan pəncərələrində də dəmir barmaqlıqlar yoxdur. Xanım Mirzə: “Hasarsız evlər, dəmir çərçivəsiz pəncərələr bu cəmiyyətin özgürlüyünün əlamətidir, bizə də nəsib olsun”, dedi.

Türkiyədə vətənpərvərlik körpələrdən başlayır

Mayın 28-də qrup öncə Anıttəpə məzarlığılnda dəfn olunan Türkiyə Cümhuriyyətinin yaradıcısı, ilk prezidenti Mustafa Kamal Atatürkün məzarını ziyarət etdi. 28 May Türkiyədə adi günlərdən biri olmasına baxmayaraq, Anıt məzarlığında bayram ovqatı yaşanırdı. Qrup halında öz müəllimləri ilə birlikdə bağça uşaqları, məktəblilər, tələbə-gənclər, turistlər və hətta ayaq tutub yeriməyən körpələri ilə gələn ana-ataların məzarlığa axınından orada böyük qələbəlik vardı. Görünür, türk soydaşlarımızda vətənə hədsiz sevgi kiçik yaşlardan onlara vətənpərvərliyin güclü təbliğ olunması ilə bağlıdır.

16 türk dövlətinin xaqanları

Qrupumuza Kızılay məhəlləsində Türkiyədə təhsil alan bir qrup tələbə də qoşuldu. Altındağ məhəlləsində 16 türk dövlətinin (Hun, Batı Hun, Avropa Hunları, Ağ Hun, Göktürk Devləti, Uyğun Haqanlığı, Avar devləti, Hazar Devləti, Karahanlılar, Gaznellilər, Böyük Səlcuklu Devləti, Harizmşahlar, Timur Devləti, Babir Devləti, Altınordu Devləti, Osmanlı Devləti) başçılarının abidələri qoyulan parkı da ziyarət etdik.

28 Mayıs sokağı...

Məhəmməd Əmin Rəsulzadənin uyuduğu Asrı qəbristanlığına üz tutduq. Qəbristanlığın ərazisi xeyli böyük olduğuna görə hətta küçələrə ayrılıb. Məhəmməd Əmin Rəsulzadənin uyuduğu məzarlıq 28 May sokağında yerləşir.

Məzarlıqda da xeyli qələbəlik var. Çünki Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin bir xeyli üzvü, Türkiyədə fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına liseyin şagirdləri, müəllimləri də Rəsulzadəni anmağa gəlmişdi. Məzarın önünə toplaşanlar öncə “Azərbaycan” himnini səsləndirdilər. Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncer Kırhan ilk olaraq çıxış etdi: “Bir millətə kimlik verən, üç rəngli bayrağı - çağdaşlaşmağı islamlaşmağı və türkləşməyi tövsiyə edən bir insanı burada anmaq hər birimiz üçün qürur hissidir” deyə bildirdi.

Türk birliyinin simvolu

Sonra Müsavat Partiyasının Qadınlar təşkilatının üzvü Vəfa Cümşüdlü çıxış etdi. Azərbaycan Cümhuriyyətinin yaradılmasında Məhəmməd Əmin Rəsulzadənin xidmətlərindən danışan Vəfa Cümşüdlü dedi: “Nə qədər ki, Azərbaycan var, Məhəmməd Əmin Rəsulzadə də yaşayacaq. Çünki o, bütünlükdə həyatını, sağlamlığını Azərbaycan Demokratik Cəmiyyətinin qurulmasına və bu dövlətin istiqlalına həsr edib. O, eyni zamanda türk birliyinin simvoludur. Məhəmməd Əmin Rəsulzadənin bəşəri ideyaları daim yaşardır və nə qədər ki, haqq yolunda mübarizə var, bu ideyaların arıdıcılları olan bizlər bu yolu davam etdirəcəyik”.

96 il öncəki Azərbaycan...

Türkiyədə yaşayan Xanım Xəlilova da çıxış edərək bildirdi ki, 28 May tək Azərbaycan üçün yox, Türkiyə üçün də əziz bir gündür, çünki 96 il bundan öncə şərqdə ilk türk dövləti qurulub: “Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları çox çilə çəkdilər, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması onlara çox çətinliklə başa gəldi. Azərbaycan Cümhuriyyətinin yüksəltdiyi üçrəngli bayraq 70 il mücadilədən sonra bir daha ucalara qaldırıldı və Rəsulzadənin dediyi kimi, bu bayraq bir daha enməyəcək”.

2 min azərbaycanlını Hitlerin əlindən o aldı

Azərbaycan Milli Elmlər Akademiyasının alimi Tahir Şirvanlı Rəsulzadənin Azərbaycandan kənar fəaliyyətindən danışdı: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycanı tərk edəndən sonra 33 il ömür sürdü. Bu illər ərzində Polşada, Rumıniyada, Türkiyədə yenə də azərbaycançılıq ideyaları üçün fəaliyyət göstərdi. İkinci dünya müharibəsində əsir düşən 2 minə yaxın azərbaycanlını Hitlerdən xahiş edərək məhz Məhəmməd Əmin Rəsulzadə qurtarıb”. O, çıxışını Rəsulzadə dünyasını dəyişərkən dediyi misralarla bitirdi: “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Məhəmməd Əmin Rəsulzadə lisesi

Məhəmməd Əmin Rəsulzadə lisesinin 2013-cü ilə qədər bakanı olan, hazırda liseydə müəllimlik edən Ömər Dinçerlə söhbət etdik. Bildirdi ki, hər dərs ilinin başlanğıcında Məhəmməd Əmin Rəsulzadə haqqında şagirdlərə məlumat verilir. Azərbaycanla əməkdaşlığı arzuladıqlarını deyən Ömər Dinçər bunun nədənsə indiyədək mümkün olmadığını bildirdi: “Çox arzu edərdik ki, Azərbaycandan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı çox bilgilər əldə edək”.

Onu da qeyd etdi ki, liseydə hazırlıq səviyyəsi də yüksəkdir, məzunlarının 88 faizi ali məktəbə qəbul olur.

Azərbaycan Kültür dərnəyi - Rəsulzadə ocağı

Məhəmməd Əmin Rəsulzadənin 1948-ci ildə Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinə də baş çəkdik. Dərnəyin rəhbəri Cəmil Ünalın səhhətində problemlər olması səbəbindən bizi onun xanımı, dərnəyin qadın qollarının rəhbəri Nəsrin Ünal qarşıladı.

Azərbaycanda Rəfibəylilər nəslindən olan Nəsrin xanım bildirdi ki, dərnəyə Rəsulzadənin vəfatına - 1955-ci ilə qədər özü rəhbərlik edib: “Ondan sonra Cümhuriyyət dövründə Rəsulzadənin Azərbaycandan Avropaya yüksək təhsil almağa ilk göndərdiyi gənclərdən olan doktor Həmid Ataman bəy bu dərnəyə başçılıq edib: Daha sonra Rəsul Ünsal, Kərim Odər, Əhməd Yaşar, Cəlal Oderli, Məhmət Kəngərli, İsgəndər Aküsür, ən sonda isə Cəmil Ünal olub.

Bu ocağı Rəsulzadə Azərbaycan milli dəyərlərini yaşatmaq üçün qurub və həm azərbaycanlılar, həm də Anadolu türkləri ilə birgə bu ocağı yaşadıb. Çoxlarınızın əynində Məhəmməd Əmin Rəsulzadənin şəkli və ona məxsus olan “İnsanlara hürriyyət, millətlərə istiqlal!” şüarı yazılan köynək görürəm. Bu misralar yalnız insanlığa yüksək dəyər verən humanist bir rəhbərin düşüncəsi ola bilər ki, o rəhbər də Məhəmməd Əmin Rəsulzadədir. Dünya liderləri arasında mən bundan yüksəkdə dayanan fikir sahibi tanımıram. Biz bu fikir sahibinin dəyərli ideyalarını yaşatmağa çalışırıq".

Dərnəyin fəaliyyətindən danışan Nəsrin Ünal dedi ki, 500-dək üzvümüz olsa da, hər bir işi görərkən onların arxasında 75 milyon türkü gördük: “Hər biri addımı atarkən, Qarabağ müharibəsində, Xocalı qətliamında, 20 Yanvar hadisələrində keçirdiyimiz aksiyalarda Anandolu türklüyü bizimlə bərabər oldu”.

Turan dövlətinin mənəvi birliyini yaratmaq mümkündür

“Bu gün Azərbaycanda da Turan dövlətçiliyinin yaradılmasına cəhd edənlər var. Sizin kültür dərnəyinin türkün mənəvi birliyini yaratmaq imkanları nə qədərdir?” sualmıza cavabında Nəsrin Ünal bildirdi ki, bu ideyanın gerçəkləşməsi reallıqdan kənardır: “Çünki Turan dövlətinin yaradılmasını istəməyənlər istəyənlərin, bəlkə də, min mislidir. Türk dünyasının birliyi imperialist dövlətlər üçün böyük təhlükədir. Bu baxımdan, İsmayıl Qaspiralının dediyi kimi, türkün fikrində və işində birlik yaratmağa çalışmalıyıq. Onu da bildirim ki, türklərin mənəvi birliyində çox gözəl gəlişmələr var: Türk dünyası yazarlar birliyi, türk gənclik təşkilatı yaradılıb ki, bizim dərnəyimiz bir federasiya olaraq başqa türk ölkələrinin təşkilatlarını özündə birləşdirir. Biz Krım türklərinin hüquqları üçün öz sözümüzü dedik, aksiyalar düzənlədik. Ortaq türkcəni yaratmaq üçün biz də fəaliyyət göstəririk”.

Türkiyədə bələdiyyənin funksiyası genişdir

Səfərimiz zamanı Türkiyədə Şabanözü ilçəsində ailələrdə qonaq da olduq. Orada olarkən Şabanözündə təkrar bələdiyyə seçkilərinə hazırlıq gedirdi. Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Əli Çapçı ilə Milliyyətçi Hərəkat Partiyasının üzvü Mustafa Karakaya arasında seçim mübarizəsi aparılırdı. AKP-nin tərəfdarları olan və bələdiyyənin qadın qolları təşkilatının üzvləri evləri gəzib Əli Çapçıya səs toplayırdı. Bələdiyyənin fəaliyyəti ilə maraqlandıq. Bildirdilər ki, Türkiyədə bələdiyyənin funksiyası çox genişdir: “Təkcə Şabanözündə 4-5 fabrik fəaliyyət göstərir. Bu fabriklərin işləməsi üçün bələdiyyə yönəldici rol oynayıb. Kommunal xidmətlər birbaşa bələdiyyənin nəzarətindədir. Mağazalarda qidaların təhlükəsizliyinə bələdiyyələr baytarlarla, səhiyyə məmurları ilə birgə nəzarət edir. Şikayət olduğu təqdirdə təhsil, səhiyyə və digər müəssisələrdəki vəziyyəti bələdiyyələrin yoxlamaq səlahiyyəti var”.

Bələdiyyə başqanı 3 min lirə maaş alır

Bələdiyyə başqanının əməkhaqqı nə qədərdir? Bələdiyyə başqanının Şabanözündə 3 min lirə maaş aldığını bildirdilər. Bu bölgədə əhalinin orta aylıq əməkhaqqı isə 850-1000 lirədir. 8 min əhalisi olan Şabanözündə 53 üzvünün maaşla çalışdığını, digərlərinin isə ictimai əsaslarla könüllü fəaliyyət göstərdiyini dedilər: “Şabanözü bələdiyyəsinin fəaliyyəti daha çox sənaye sahəsinə yönəlib. Kənd təsərrüfatında isə taxılçılıq geniş inkişaf edib. Hazırda kiçik torpaq sahələrinin fəaliyyəti qənaətbəxş olmadığına görə Kənd Təsərrüfatı Nazirliyi bu torpaq sahələrinin birləşdirilməsinə çalışır”.


AKP-nin cəhdlərinə baxmayaraq, Azərbayacana döndükdən sonra öyrəndik ki, MHP-nin üzvü səs çoxluğu ilə bələdiyyə başqanı seçilib.

Fətullah Gülənin 6 TV-si var

Azərbaycana dönərkən yol yoldaşlarımız arasında Türkiyədə “Samanyolu” TV-də çalışan həmkarlarımız da vardı. Bildirdilər ki, Türkiyə Cümhuriyyətinin baş naziri Tayyib Ərdoğanla Fətullah Gülən arasında yaşananlar onların işinə müəyyən qədər təsirini göstərib. “Samanyolu”nda bəzi redaksiyalar bağlanıb, ixtisarlar olub: “Amma bunun bizə o qədər də aidiyyəti yoxdur. Fətullah Gülənin Türkiyədə 5, Amerikada bir telekanalı fəaliyyət göstərir. Onlar arasında yaşanan narazılıq görüntü xarakteri də daşıya bilər. Çünki bizdə olan məlumata görə, aralarında gizli razılaşma yaranıb”.

Siqaret dumanından görünməyən qadınlar

Sonda bizi məyus edən bir məsələni də qeyd etməklə səfər təəssüratımızı bitmiş hesab edirik. Baxmayaraq ki, ictimai yerlərdə siqaret çəkməyin 69 lirə cəzası var. Türkiyənin həm paytaxtında, həm də ən böyük şəhəri olan İstanbulda qadınlar arasında siqaret çəkənlərin kişilərdən çoxluq təşkil etdiyinin şahidi olduq. Hətta orada yaşayan azərbaycanlı qadınların bəziləri də bu zərərli ənənəyə aludə olub. Biz isə arzu edərdik ki, türk dəyərləri arasında faydalı ənənələri mənimsəyək, zərərli vərdişlərdən isə imtina etmək üçün özümüzdə güc tapaq!

Sevil Hilalqızı


Müəllif: