“İRƏLİ” İctimai Birliyinin yaranmasının 7 illiyi ilə əlaqədar hesabat xarakterli tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda 300-dən artıq gənclər təşkilatı mövcuddur, İRƏLİ İctimai Birliyi isə bu təşkilatlar arasında fəallığı ilə seçilir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov gənclərin gələcəkdə Şuşada, Laçında böyük işlər görəcəyinə inandığını söyləyib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün gənclər siyasətinin ciddi nəticələri görünür: “Gənclər təşkilatlarımız maddi-texniki təchizat baxımından da inkişaf edir. Gənclər siyasətimiz bizə dərs keçmək istəyən dövlətlərə bir model olaraq göstərilə bilər. İRƏLİ İctimai Birliyi gənclər təşkilatları arasında fəallığı, təşəbbüskarlığı ilə seçilir. İnanıram ki, bu birlik fəallığını qoruyub saxlayacaq. Gənclər siyasətinin uğuru prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan gəncliyinin bütün sahələrdə fəal iştirak etdiyini, öz sözünü dediyini vurğulayıb: “Bu gün ölkədə 310 gənclər təşkilatı fəaliyyət göstərir. İRƏLİ İctimai Birliyi yarandığı gündən dövlətçiliyə xidmət edib”.
Daha sonra İRƏLİ İctimai Birliyinin sədri Mirəli Seyidov prezident İlham Əliyevə ünvanlanan müraciəti oxuyub. Müraciətdə prezident İlham Əliyevin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işlərə toxunulub və dövlət başçısı ad günü münasibətilə təbrik edilib.
BƏXTİYAR