23 Dekabr 2015 18:16
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ilə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Darxan Kıdıralı Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, məqsəd və vəzifələri, eləcə də Akademiyaya üzv olan ölkələr arasında ortaq türk elmi əməkdaşlığının inkişafı barədə məlumat verib. Akademik türkdilli ölkələr arasında müxtəlif sahələrdə elmi əlaqələrin inkişaf etdirilməsində beynəlxalq təşkilatın rolundan bəhs edib. Drxan Kıdıralı bildirib ki, 2013-cü ildə beynəlxalq status qazanan elmi təşkilat hazırda tarix, ədəbiyyat, mədəniyyət və türkologiya sahəsində fəaliyyətini genişləndirməkdədir.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığından və bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb. Akademik bildirib ki, ötən il böyük Azərbaycan mütəfəkkirlərindən Əli bəy Hüseynzadənin və Məhəmməd Əmin Rəsulzadənin yubileyləri keçirilib. Bu il isə Akademiyanın təşkilatçılığı ilə “Ortaq türk ədəbiyyatı” proqramının və dərsliyinin çap etdirilməsi üçün ilkin hazırlıq işlərinə başlanılıb, bundan başqa, “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk 10 cildinin çapı üçün müzakirələr aparılır. Akademik onu da qeyd edib ki, AMEA “Ortaq Atalar Mirası” layihəsinə daxil edilmiş “Kitabi-Dədə Qorqud” dastanının Drezden və Vatikan nüsxələrinin çapını, həmçinin “Koroğlu” dastanı və digər bu kimi nəşrlərin hazırlanmasını öz üzərinə götürüb. Alim görüşdə ölkəmizin ümumtəhsil məktəblərində 8-ci sinifdən başlayaraq ortaq türk tarixinə dair dərsliklərin tədris olunması təklifini də səsləndirib.

Tədbirdə akademik Akif Əlizadə türkdilli ölkələrin elmlər akademiyaları ilə birgə humanitar elmlər sahəsində fəaliyyətlə yanaşı, gələcəkdə geologiya, fizika, kimya, biologiya və digər elmi sahələrdə bu ölkələr üçün ortaq elmi problemlərə dair müştərək tədqiqatlar aparmaq və birgə layihələr həyata keçirmək təşəbbüsünü irəli sürüb.

Görüşdə Qazaxıstanın ölkəmizdəki səfirliyindən nümayəndələr, qazaxıstanlı alimlər, həmçinin AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin akademik-katibləri və elmi müəssisələrdən alimlər iştirak ediblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər