24 Dekabr 2015 12:09
2 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident: “Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir”

Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ölkəmiz dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı yerinə yetirir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti ümummilli lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Ölkə vətəndaşlarının vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, eyni zamanda “Dini etiqad azadlığı haqqında” Qanunda daha müfəssəl şəkildə təsbit olunub.

Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Dövlət başçısının uğurlu siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin gördüyü işlərin nəticəsidir ki, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.

Ölkədə fəaliyyət göstərən konfessiya rəhbərləri Azərbaycandakı tolerantlıq mühitini, dövlət başçısının dindarlara diqqət və qayğısını açıq ifadə ediblər. Onlar ölkə əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, digər dinlərin də dini-mədəni abidələrinin qorunduğunu, yeni ibadət məkanlarının tikildiyini vurğulayıblar.

Dindarlara böyük töhfə - Heydər məscidi

Bir məqamı vurğulayaq ki, ötən il Prezident İlham Əliyev məhz dekabrın 24-də Binəqədi rayonu ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlanma işlərinin gedişi ilə tanış olub. Qafqazın ən böyük məscidi hesab edilən Heydər məscidinin istifadəyə verilməsi dövlət başçısının dindarlara bir töhfəsi hesab edilir. Onu qeyd edək ki, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən dövlət başçısının son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar təqdirəlayiq hal alıb. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılır.

“Kəbədə namaz qılmaq xoşbəxtliyi mənə də nəsib olub”

Prezident İlham Əliyev Heydər məscidinin açılışı zamanı bunu tarixi hadisə adlandırıb: “Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət edib... Məhz ulu öndərin dünyagörüşü, baxışları, siyasi bacarığı sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bilmişdir... Eyni zamanda, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulub. O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq. Bu idi onun strateji baxışları. Dövlət-din münasibətlərinin qurulması, formalaşması böyük nailiyyətimizdir. Bu gün də bu siyasət davam etdirilir.

Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilib. Yüzlərlə məscid təmir edilib. Ulu öndər müqəddəs Kəbənin içində namaz qılıb. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olub. Yəni, o illərdə milli, dini dəyərlərə göstərilən diqqət və müəyyən edilmiş istiqamət bugünkü Azərbaycanın güclənməsinə xidmət edirdi... Onu da qeyd etməliyəm ki, bu məscid dövlət vəsaiti hesabına tikilib, necə ki, rus pravoslav, katolik, alban kilsələrinin tikintisi, təmir işlərində dövlət öz dəstəyini verib.

Azərbaycanda sinaqoqlar tikilir, təmir edilir. Yəni Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Bu, bizim üçün təbiidir. Çünki bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax, bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda dövlət siyasətimiz".

Prezident İlham Əliyevin aprelin 6-da İslam dünyasının müqəddəs şəhəri olan Məkkədə ümrə ziyarətində olması da diqqətçəkən hadisələrdən biri oldu. Dövlət başçısı və ailəsi Kəbənin ətrafına dolanıb təvaf etdikdən sonra əl-Həram məscidində namaz qılıblar. Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olaraq burada da namaz qılıblar.

Hər kəsin bildiyi kimi, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Məhz Kəbə qapılarının dövlət başçısının və ailəsinin üzünə açılması Prezident İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir.

“Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır”

Azərbaycan həmçinin uzun illərdir ki, müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edir. Bu il Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdəndir. Hər il Prezident İlham Əliyev bu Forumda iştirak edərək bu beynəlxalq tədbirin əhəmiyyətindən bəhs edib: “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələr və fikir mübadiləsinə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi şəkildə müzakirə etməliyik. Gərginliyin, nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir".

“İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir”

Azərbaycanda müxtəlif dinlərə hörmət nümayiş etdirən Prezident İlham Əliyev həm xristianların, həm yəhudilərin, eləcə də müsəlmanların müqəddəs günlərində onlara ünvanlandığı təbrik müraciətləri müxtəlif konfessiya rəhbərləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Hər il müqəddəs Ramazan ayı münasibətilə şeyxülislam Allahşükür Paşazadənin acıdığı iftar süfrəsində dövlət başçısı da iştirak edir. Prezidentin də özünün vurğuladığı kimi artıq belə görüşlər ənənəvi hal alıb: “Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Əslində, bu, din-dövlət münasibətlərinin çox gözəl təzahürüdür. Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir... Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır... Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında, hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər məscidinin açılışında mən, Şeyx həzrətləri, Aleksandr Ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya”.

Onu da qeyd edək ki, Azərbaycan 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarınına ev sahibliyi edəcək. Bu mötəbər yarışı keçirilməsi ilə bağlı olaraq Azərbaycan dövləti və Prezident İlham Əliyev öz iradəsinin ortaya qoyub. Belə ki, sentyabrın 23-də Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub. Bu bir daha onu göstərir ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, milli və mənəvi dəyərlərə üstünlük verir və bu sahədə sabitliyin qorunmasında yaxından iştirak edir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər