24 Dekabr 2015 12:14
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Təhsil Şurasının sədri: "Heydər Əliyev siyasətinin davamçısı olaraq İlham Əliyev həmişə təhsilin inkişafına qayğı göstərib"

Birləşmiş Millətlər Təşkilatının XXI yüzilliyi "Təhsil əsri" elan etməsi bütün dünya dövlətlərinin qarşısında mühüm vəzifələr qoyub. Bu mesaj bütün dövlətlərin inkişafı üçün təhsilin, təhsilli cəmiyyətin nə qədər mühüm əhəmiyyət daşıdığını deyir.

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin də prezidentlik fəaliyyətində təhsilə xüsusi önəm verdiyi göz önündədir. Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin hərbi xərclərdən sonra ikinci yerdə olduğunu deyən Prezidentin fikrincə, ölkəmiz müharibə şəraitində olmasaydı, təhsil xərcləri birinci yerdə durardı.

"Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. O ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır". Bu fikirləri də ölkə başçısı çıxışlarından birində səsləndirib.

Təhsil infrastruktrunun yenilənməsinə də xüsusi əhəmiyyət verən ölkə başçısı yeni məktəblərdən birinin açılışında çıxış edərkən demişdi: "İstəyirəm Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, xaricə getməyə ehtiyac qalmasın. Təhsilin səviyyəsinin yüksəlməsi həm müəllimlərdən, həm dövlət rəhbərliyindən, eyni zamanda, təhsil sistemində çalışan bütün insanlardan və əlbəttə ki, uşaqlardan asılıdır". Bununla dövlət başçısı bu sahənin inkişafında cəmiyyətin hər bir üzvünün məsuliyyət daşımasına diqqət çəkib.

Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyi üçün təhsil sistemində də bir sıra yeniliklər baş verib. "Sizin sayənizdə təhsilimizin gələcəyinə nikbin baxmağa yeni imkanlar və əlverişli şərait yaranıb" deyən nazirin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insan resursları müəyyən edir: "Həmin prosesdə elm, təhsil və iqtisadiyyatın birliyi inkişafın təməl prinsipini təşkil edir. Bu mənada cənab İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir..." konseptual fikrinin əsasında elm və təhsilin iqtisadiyyatla inteqrasiyası, elmin inkişaf yollarının aydın strategiyası dayanır".

Nazirin sözlərinə görə, ölkə başçısının 2013-cü ildə təsdiq etdiyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" əsasında bu il təhsil sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə başlanıb: "Bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir. Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır.

Bu baxımdan, cənab Prezident, Sizin siyasi iradənizlə mürəkkəb iqtisadi şəraitdə "Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" imzalanan Sərəncam ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım olub. Sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Ünvanlı prinsiplə təşkil olunmuş təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa müvəffəq olub".

Mikayıl Cabbarovun sözlərinə görə, Prezidentin dəstəyilə ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsinə başlanıb və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır.

Nazirin fikrincə, məhz ölkə başçısının diqqəti sayəsində təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədi ilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb: "Bakıdakı 148 nömrəli məktəbdə Bilik günündə müəllim və şagirdlər qarşısında möhtərəm Prezident çıxış edərkən gənc nəslin tərbiyəsi, onların milli-mənəvi ruhda böyüməsi, yad təsirlərdən və zərərli təbliğatdan qorunması barədə verdiyi tapşırıq və tövsiyələr bizim üçün yol xəritəsi rolunu oynayır.

Cənab Prezidentin sərəncamı ilə regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədi ilə Mingəçevir Dövlət Universiteti yaradılıb və cari tədris ilindən fəaliyyətə başlayıb. Möhtərəm Prezidentin Azərbaycanda tibb təhsilinin inkişaf etdirilməsi məqsədi ilə 2015-ci il 15 may tarixli Sərəncamı ilə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Prezidentin tapşırığı ilə filialın tədris binası qısa müddətdə təmir olunaraq və müasir tədris avadanlıqlarla təchiz edilib.

Onun ideya müəllifi olduğu "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" üzrə cari ildə 373 nəfər, ümumilikdə isə Proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb".

Nazir Prezidentin Sərəncamı əsasında Müəllimlər Günü münasibətilə təhsil işçilərinin fəxri adlara və dövlət təltiflərinə layiq görülməsini də İlham Əliyevin çoxminli təhsil kollektivinə göstərdiyi diqqət və etimad kimi dəyərləndirib.

Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri Əjdər Ağayev hesab edir ki, dekabrın 21-də 2014-2015-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrində uğur qazanmış ümumi təhsil müəssisələri və müəllimlərin mükafatlandırılması haqqında Prezidentin imzaladığı Sərəncam təhsil işçilərinə göstərilən qayğının davamıdır. Qeyd edək ki, sənədə əsasən, ölkənin şəhər və rayonlarının 50 ümumi təhsil müəssisəsinin hər birinə 10 min manat məbləğində birdəfəlik pul mükafatı ayrılıb, 100 müəllimin hər biri üçün 5 min manat mükafat təqdim olunub.

Əjdər Ağayevin sözlərinə görə, təhsilin inkişafı, müasirləşməsi, yeni texnologiyaların tətbiqi, Avropa təcrübəsinin öyrənilməsi, təhsilin məzmunun və təhsil təlim-metodlarının yenilənməsi işinə hələ təhsil islahatı tətbiq olunandan başlanıb.

ATŞ sədrinin fikrincə, zaman-zaman təhsil islahatlara yanaşmalar yenilənsə də, təhsilin yeni inkişaf mərhələsi İlham Əliyevin sərəncamı ilə təsdiqlənən təhsil strategiyasından sonra başlanıb: "Əlbəttə, bütün bunlar ulu öndər Heydər Əliyevin təhsilə olan pozitiv baxışlarının davamıdır. Heydər Əliyev siyasətinin davamçısı olaraq İlham Əliyev həmişə təhsilin inkişafına qayğı göstərib və bu qayğıda əsas yeri yeni məktəb binalarının tikilməsi, köhnələrin təmiri, milli kadr hazırlığında dünyanın ən qabaqcıl ali məktəblərinin imkanlarından istifadə edilməsi, məktəblərə dərsliklərin pulsuz verilməsi, latın əlifbasında kitabların çapı, məktəb kitabxanalarının kitablarla təmin edilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi, təhsil sahəsinə investisiyaların yönəldilməsi və bu kimi məsələlər tutub.

Amma təhsilin yeni inkişaf mərhələsi cənab prezidentin təsdiqi ilə "Təhsilin inkişafı üzrə" dövlət strategiyasının qəbulundan başlayıb. Bu strategiya əsas 5 hədəfi müəyyənləşdirib ki, birinci yerdə də peşəkar kadr hazırlığı məsələsi dayanır. Təhsil islahatında yerinə yetirilən müddəaların çoxu uğurla həyata keçirilib, amma peşəkar təhsil kadr hazırlığı məsələsində həllini gözləyən məsələlər var.

Strategiyada digər hədəf təhsilin məzmunu məsələsidir. Sənəddə göstərilir ki, dərsliklərin, proqramların təhsil standartlarının hazırlanması daxildir və bu məsələyə də yenidən baxılmalıdır. Strategiyada xarici təcrübənin idealizə edərək yerli mühitə uyğunlaşdırılması məsələsini qoyulub ki, bu da çox önəmlidir. Yeni konsepsiyada qiymətləndirmə meyarlarına yeni yanaşmalar var. Prezidentin təsdiqi ilə qəbul olunmuş bu sənədi təhsil islahatlarının həyata keçirilməsi baxımından olduqca əhəmiyyətli və ciddi hesab edirəm".

Əjdər Ağayev dedi ki, İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar çox vacib işlər görülüb: "Kompüter təminatı, informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi üçün yeni təlimlər keçirilib, yeni oxu kitablarının meydana gətirilməsi, şagird təfəkküründə yaradıcılığın, kreativ düşüncənin inkişaf etdirilməsi, həyati bacarıqların aşılanması, praktik yönümlü bacarıqların ali məktəblərdə tətbiq məsələləri məhz Prezident tərəfindən irəli sürülüb".

“Təhsil sahəsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti çox bəyəniləndir. Bir dəyərli Şərq kəlamında deyilir: “Niyyət fəaliyyətin ruhudur”. Son rektor təyinatları çox uğurludur. Hər kəs çalışır ki, öz işləri yox, dövlətin, millətin işi irəli getsin. Sumqayıt Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət İqtisad universitetlərin rektorlarını misal göstərmək olar”. Bu fikirlər isə təhsil eksperti Şahlar Əsgərovun fikirləridir.

Ekspertin sözlərinə görə, orta təhsil sistemində köklü dəyişiklər baş verməkdədir, bütün məktəblər həm formaca, həm də məzmunca yenidən qurulub: “Əgər 10 il öncə hər 1000 şagirdə bir kompüter düşürdüsə, indi bu göstərici 30-dan aşağıdır. Bəzi orta məktəb müəllimlərinin (diaqnostik qiymətləndirmə testindən keçənlərin) əmək haqqı iki dəfəyə qədər artıb”.

Kişi müəllimlərin tədricən məktəbə qayıdışını da Şahlar Əsgərov müsbət hadisə hesab edir: “Əgər beş il öncə 9 şagirdə bir müəllim düşürdüsə, indi bu rəqəm 13-ə qalxıb. Yəni məktəb müəllimin iş yerinə çevrilir. Seçilmiş müəllimlər Prezident tərəfindən mükafatlanır”.

Təhsilin inkişaf strategiyası ilə bağlı yüksək səviyyəli və əhəmiyyətli sənəd qəbul edilməsini də Prezidentin təhsil sahəsində islahatların əsas tərkib hissəsi hesab edən ekspert bildirdi ki, parçalanmış təhsil sistemində bir bütövləşmə gedir: “Ölkə ərazisində fəaliyyət göstərən müəllimlər institutlarının Dövlət Pedaqoji Universitetə birləşdirilməsi buna misaldır. Rektorların eyni zamanda bir neçə vəzifə tutması praktikasının (rektor- deputat) aradan götürülməsi müsbət hadisədir”.

Şahlar Əsgərov Prezidentin elm sahəsinə də qayğısına da diqqət çəkdi. Onun fikrincə, hökumət tərəfindən elmdən texnologiyaya, tətbiqə keçmək tələb olunur: “İlk növbədə o elmi istiqamətlər maliyyələşməlidir ki, onun tətbiqi mümkündür. Tətbiqi olmayan elmi istiqamətlərin sayı minimuma endirilməlidir. Təhsil elmə, elm texnologiyaya, texnologiya iqtisadiyyata, iqtisadiyyat yaxşı güzərana xidmət etməlidir. Bu zəncirin hər halqasına Prezidentin diqqəti yüksəkdir. Alimlər də bu diqqətə öz elmi fəaliyyəti ilə cavab verməlidir”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər