24 Dekabr 2015 23:35
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlara bayram hədiyyəsi etdi

Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlər “Turp” səhnəciyini təqdim ediblər. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnı oxuyublar.

Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyinin bayram hədiyyələri təqdim olunub.
Media nümayəndələri internat məktəbində şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından tanış olublar. KİV təmsilçilərinə məlumat verilib ki, internat məktəbini Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir etdikdən sonra cari ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı mövcuddur.

İnternat məktəbi şagirdlərinin beynəlxalq səviyyəli idman yarışlarında, respublika rəsm sərgilərində iştirakı və qazandıqları nailiyyətlər barədə də media nümyəndələrinə məlumat verilib.

Qeyd edək ki, internat məktəbində təlim-tərbiyə alan 198 nəfər şagirddən 104-ü bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinə cəlb edilib. Şagirdlərin təlim-tərbiyəsi ilə 103 nəfər pedaqoji heyət məşğul olur.

SEVİL


Müəllif: