25 Dekabr 2015 15:05
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə qeyd edilib ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Prezident İlham Əliyevin sentyabr ayının 7-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, DSX komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2015-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:

may ayının 18-20 tarixlərində “Ağgöl” səhra təlim mərkəzində çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin cəlb edilməsi ilə geniş miqyaslı taktiki təlimin keçirilməsi hərbi qulluqçular tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­larının gücləndirilməsi, 4 yeni gəminin dəniz kompanyasına qəbul olunması;

sentyabr ayının 28-30 tarixlərində RF-nın Sərhəd Xidməti ilə “Xəzər dənizində birgə sərhəd təlimlərinin keçirilməsi, təlimlər zamanı müxtəlif şəraitlərdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı;

noyabr ayının 24-26 tarixlərində “Ağgöl” səhra təlim mərkəzində Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yoxlanılması, aviasiya və döyüş texnikasının birgə döyüş tətbiqi üzrə idarəetmə orqanlarının uğurlu fəaliyyətinin nümayiş etdirilməsi;

dekabr ayının 5-də DSX-nin “Sitalçay” tədris mərkəzində yeni təlim poliqonunun xidməti istifadəyə verilməsi;

sərhəd aviasiyasının xidməti-döyüş imkanlarının və uçuş heyətinin peşəkarlıq səviyyəsinin artırılması;
dövlət sərhədlərinin mühafizəsində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarından istifadə edilməsi;

DSX Akademiyasının 4-cü buraxılışı olan gənc leytenantların, o cümlədən ilk dəfə dənizçi və aviasiya ixtisaslı zabitlərin “Dövlət Bayrağı Meydanı”nda sərhədçi andını qəbul etmələri, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı orta təhsil müəssisəsi statusunun verilməsi, Xüsusi Məktəbin ilk məzunlarının DSX Akademiyasına daxil olmaları;

Xidmətin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsinin uğurla davam etdirilməsi, hesabat dövrün­də 74 bu cür görüşün keçirilməsi qeyd olunmalıdır.

Müşavirədə vurğulanıb ki, 2015-cü ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb. Onların 55,1 faizi Azərbaycan, 8,5 faizi Özbəkistan, 7,6 faizi İran, 4,3 faizi Banqladeş, 3,9 faizi Əfqanıstan, 2,6 faizi Gürcüstan, 2,4 faizi Moldova, 2,2 faizi Rusiya, 1,7 faizi Türkiyə, 1,3 faizi Nigeriya, 1,3 faizi Qırğızıstan, 9,1 faizi digər ölkə vətəndaşları olublar.

İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 AR vətəndaşı müəyyən olunmuş xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. AR-ə məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri- 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 124 binadan ibarət 24 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 432 mənzilin inşası həyata keçirilmiş, 50 xidməti mənzil istifadəyə verilib. DSX hərbi qulluqçuları üçün Bakı şəhərində 600 mənzildən ibarət yaşayış şəhərciyinin inşası yekunlaşdırılıb və güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilməsi təmin olunub.

Hesabat müşavirəsinin sonunda Prezidentin sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər